Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən “ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın ) rolunun artırılması sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı” hazırlanır.
“Report”un xəbərinə görə, bu barədə Bakıda "Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf" mövzusunda keçirilən beynəlxalq seminarda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidentinin dəstəyi ilə kreativ iqtisadiyyat barədə inkişaf strategiyasının mövcud olduğu Azərbaycanda bu sahənin çoxillik statistikasının məlumat bazası yaradılıb: “Bu çərçivədə yaxın günlərdə təsdiqi gözlənilən, Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanan və müvafiq strukturlarla razılaşdırılmış Nazirlər Kabinetinin “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlanıb”.
K.İmanov onu da bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasından irəli gələn və zəngin mədəni irsimizin qorunub saxlanmasına xidmət edən “Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərin hüquqi qorunması və qeydiyyatı qaydaları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.