Bakı. 27 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Xaçmazda vətəndaşları qəbul edib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
Qəbulda Xaçmaz şəhər sakinləri ilə yanaşı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Vətəndaşlar ali təhsil müəssisələrində bir ixtisasdan digər ixtisasa köçürülmə, 2014-cü ildə keçirilən imtahanların nəticələrinə dair statistik məlumatlar, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında edilən dəyişikliklərlə bağlı Komissiya sədrinə müraciət ediblər. Bununla yanaşı, görüşə gələnlər tələbə köçürmələri, qabiliyyət imtahanları və s. məsələlərlə bağlı Komissiya sədrinə rəy və sorğularını bildiriblər.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə çatdırılacağı barədə vətəndaşlara məlumat verilib.