MDHİU-nun rektoru Vaqif Bayramov: "Rusiyadakı Azərbaycan diasporu çox böyük potensiala malikdir" - MÜSAHİBƏ

MDHİU-nun rektoru Vaqif Bayramov: "Rusiyadakı Azərbaycan diasporu çox böyük potensiala malikdir" - MÜSAHİBƏ "İnstitutda Azərbaycan dili kafedrasını açmağı planlaşdırırıq, eləcə də Bakıda universitetin filialının açılması istiqamətində işlər aparırıq"
Elm və təhsil
31 Yanvar , 2017 11:37
MDHİU-nun rektoru Vaqif Bayramov: Rusiyadakı Azərbaycan diasporu çox böyük potensiala malikdir - MÜSAHİBƏ

Moskva. 31 yanvar. REPORT.AZ/ Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) rektoru Vaqif Bayramovun "Report" agentliyinə müsahibəsi:

Qeyd edək ki, Rusiya ali təhsil müəssisəsinə rəhbərlik edən yeganə azərbaycanlı olan Vaqif Bayramov yanvarın 28-də 60 illik yubileyini qeyd edib. Onun təhsil sahəsində uzunmüddətli və səmərəli işi Rusiya və Azərbaycanın ən yüksək mükafatları (Rusiyada Vətən qarşısındakı II dərəcəli xidmətlərə görə, Azərbaycanda "Tərəqqi" medalı) ilə qiymətləndirilib. Bu yaxınlarda isə V.Bayramov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti təyin edilib.

- Yubiley həyatın geridə qalmış hissəsi və gələcək planlar barədə düşünmək üçün fürsətdir. Həyatınızda ən böyük nailiyyət kimi nəyi hesab edirsiniz?

- MDHİU-nun nüfuzlu ali təhsil müəssisə olmasını ən mühüm nailiyyətim sayıram. 10 il əvvəl ilk dəfə bura gələndə təsisat əlillər üçün kiçik, təmirsiz, az büdcəli institut-internat idi. O vaxt rəhbərlik vəziyyətlə sadəcə barışmışdı və nəyisə dəyişməyə cəhd etmirdi. Tədrisdə əsas diqqət mərhəmət hissinə yönəldilirdi. Hərçənd məhdud imkanlı insanların çoxu əqli qabiliyyətlərinə görə sağlam insanlardan hətta üstün olur. Beləliklə, sonrakı sosial adaptasiyası böyük problemə çevrilirdi.

Biz isə instituta həm sağlam insanları, həm də başqa ölkələrdən olan əlil insanları qəbul etməyə başladıq və bununla onların dünya görüşünü, məhdud imkanlı şəxslərlə ünsiyyət dairəsini dəyişdirdik. İnanın ki, əlil digər insanların özünə olan münasibətini hamıdan daha çox hiss edir. Doğru münasibət onlara həyatda əlavə stimul verir. Tədris planını dəyişdirdikdən sonra əlillər özlərini adi insanlarla eyni səviyyədə hiss eləmək imkanı qazandı. Özünəəminlik hissinin artması nəticəsində məzunlarımız cəmiyyətdə öz yerlərini tapa bilib. Misal olaraq, əlil arabasında hərəkət edən məzunumuz, Rusiya Dövlət Dumasının deputatı Vladimir Krupennikovu göstərə bilərəm.

- Bəs, məzunlarınız arasında azərbaycanlılar var?

- İşimizdə MDB ölkələri ilə əlaqələrə böyük önəm veririk. Hazırda institutumuzda Rusiya vətəndaşları ilə paralel olaraq, MDB-nin 7 ölkəsindən, o cümlədən Azərbaycandan olan tələbələr təhsil alır. Azərbaycanlılar arasında paralimpiya milli komandasının üzvləri də var. Keçən il məzunumuz Kamal Məmmədov Azərbaycanda Uşaq Paralimpiya Komitəsinə rəhbər təyin edilib.

Hökumət təhsilin ümumi səviyyəsinin yüksəlməsində maraqlı olmalıdır. Hökumət perspektivli gəncləri ən yaxşı universitetlərə, o cümlədən xarici ölkələrdəki təhsil müəssisələrinə göndərərək sonradan ölkənin inkişafı üçün onların bilik və bacarıqlarından faydalanır. Belə nümunələrdən biri də Azərbaycandır. İnstitutumuzda təhsil alan azərbaycanlılar ən yüksək səviyyədə təhsil alır, eyni zamanda rus dili və mədəniyyətini öyrənir. Bundan əlavə, yaxın gələcəkdə institutda Azərbaycan dili kafedrasını açmağı planlaşdırırıq. Ötən ilin noyabr ayında Rusiyanın təhsil naziri Olqa Vasilyeva ilə birlikdə Bakıya səfər etmiş, Prezident İlham Əliyevin qəbulunda olmuşuq. Görüşdə Azərbaycanda rus dilinin rolu qeyd edilib. Həmin görüşdə, həmçinin Azərbaycan dilinin Rusiyada inkişaf etdirilməsi üzrə prinsipial razılaşma əldə olunub. Buna görə də artıq mövcud olan Türk dili kafedrasına Azərbaycan və Qazaxıstan dillərini əlavə etməyə hazırlaşırıq. Eyni zamanda, bu il Bakıda universitetimizin filialının açılması ehtimalı yüksəkdir. Hazırda zəruri sənədlərin hazırlanması prosesi gedir və artıq mart ayında hazır layihə Prezidentin nəzərdən keçirməsi üçün təqdim olunacaq.

- Bəs sizcə, Azərbaycanda rus dilinin populyarlığının yenidən artması hansı səbəblə bağlıdır?

- İki dövlət arasında mövqelərin yaxınlaşması, biznes, iqtisadi və humanitar əlaqələrin inkişafı ilə əlaqədar olaraq rus dilinin öyrənilməsinə ehtiyac yaranıb. Beləliklə, ünsiyyət artır. Qonşu ilə danışıb razılaşmaq üçün üçüncü qonşunu çağırmayacağıq ki. Eynilə, Rusiya və Azərbaycan arasındakı münasibətlərdə də vəziyyət bu cürdür. Azərbaycan həm rus dilinin öyrənilməsi, həm də rus dilində təhsilin keyfiyyəti baxımından dünyada öncül ölkələrdəndir. Rusiyada da bunu bilirlər və qiymətləndirirlər.

Gələcək planlar barədə danışsaq, iki ölkənin təhsil nazirləri bir çox məsələləri müzakirə ediblər, dinamik əməkdaşlıq planlarını qeyd ediblər. Bundan əlavə, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası ikinci ildir fəaliyyət göstrərir, bura hər iki tərəfdən 40-a yaxın ali təhsil müəssisəsi daxildir. Bu struktur olduqca səmərəli alınıb, yaxın zamanlarda işimizin, həmçinin inklüziv təhsil sahəsindəki fəaliyyətimizin bəhrəsini görəcəksiniz.

- Vaqif Deyruşeviç, ÜAK-ın vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbrik etmək istəyirəm. Azərbaycan diasporunun hazırkı vəziyyətini necə görürsünüz və işinizin planını qurmusunuzmu?

- Buna qədər heç vaxt hər bir siyasi və ya sosial hərəkatlarda iştirak etməmişəm. Buna görə də ÜAK kimi nüfuzlu strukturun vitse-prezidenti olmaq təklifini almaq mənim üçün xoş sürpriz oldu. Rusiya Təhsil Nazirliyindən icazə aldıqdan sonra bu təklifi qəbul etdim.

İctimai iş mənim üçün yeni məsuliyyətdir. Bizi çətin və gərgin iş gözləyir. Çünki son illərdə Rusiya azərbaycanlıları arasında müəyyən təfriqənin yarandığını hiss edirəm.

Azərbaycan diasporu burada böyük potensiala malikdir. Biz Rusiya cəmiyyətinin demək olar, bütün fəaliyyət sahələrində təmsil olunuruq. İndi Azərbaycan xalqının üzünü ən yaxşı tərəfdən göstərmək üçün səyləri birləşdirmək, paralel olaraq da cəmiyyətin və Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə vermək lazımdır.

ÜAK-ın son qurultayında təşkilatın beşillik fəaliyyətinin qısa hesabatından təəccübləndim. Məncə, bu müddətdə daha çox şey etmək olardı. Xeyli sayda hörmətli azərbaycanlının yaşadığı regionlarla birlikdə prinsipial strategiya işləyib hazırlamalıyıq ki, insanlar bu xətt üzrə çalışsınlar. Bu işdə şəxsiyyət amillərini, şişirdilmiş kiçik fikir ayrılıqlarını unutmaq lazımdır. Gözlərimizi açıb vicdanla bir-birimizə baxmalıyıq. Azərbaycanın inkişafı bizim üçün nümunə, yolgöstərən ulduz olmalıdır.

Son xəbərlər

Orphus sistemi