​Gürcüstanda yaşayan azərbaycanlılar Bakıda güzəştli şərtlərlə təhsil ala bilərlər

​Gürcüstanda yaşayan azərbaycanlılar Bakıda güzəştli şərtlərlə təhsil ala bilərlər Əflatun Amaşov: "Soydaşlarımızın səhiyyə, ticarət və digər problemləri də tədricən həllini tapacaq"
Elm və təhsil
3 İyun , 2016 17:06
​Gürcüstanda yaşayan azərbaycanlılar Bakıda güzəştli şərtlərlə təhsil ala bilərlər

Tbilisi. 3 iyun. REPORT.AZ/ Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Maneuli şəhərində azərbaycanlı ziyalılarla görüşüb. 

"Report" xəbər verir ki, iyunun 3-də baş tutan görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri müzakirə olunub, jurnalist, şair Fikrət Mursaqulovun xatirəsinə həsr olumuş “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimatı olub.

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri deyib ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin güzəştli şərtlərlə Bakıda təhsil almaları istiqamətində danışıqlar aparılır: "Onların əsasən Azərbaycan dili və ədəbiyyatı, filologiya, tarix, mədəniyyətşünaslıq, turizm və digər ixtisaslar üzrə güzəştli şərtlərlə təhsil almaları nəzərdə tutulur. Ancaq həmin gənclər qarşısında Azərbaycanda təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda işləmələri əsas şərt kimi qoyulacaq". 

Ə.Amaşov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixindən də söz açıb, mədəni münasibətlərin inkişafında elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi vurğulayıb: "Gürcüstanda yaşayan soydaşlarımızın problemləri Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti onların həlli ilə bağlı xüsusi sərəncamlar imzalayıb. Bu ölkədə yaşayan soydaşlarımızın səhiyyə, ticarət və digər problemləri də tədricən həllini tapacaq".

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili Milli Məclisin deputatının Gürcüstanda yaşayan azərbaycanlılarla görüşündən razılığını ifadə edib: "Azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar. Gürcüstanın ərazi bütövlüyünün müdafiəsində minlərlə azərbaycanlı döyüşüb, onlardan bir neçəsi şəhid olub. Gürcüstan hökuməti bunları yaxşı bilir və qiymətləndirir".

Sonra yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. F.Mursaqulovun həyat və yaradıcılığından söz açan natiqlər, onun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar.

Sonda Ə.Amaşov və Marneulinin bir qrup ziyalısı F.Mursaqulovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi