Gəncə şəhər 44 nömrəli məktəb-lisey-kompleksinin əsaslı təmirdən sonra açılışı olub

Gəncə şəhər 44 nömrəli məktəb-lisey-kompleksinin əsaslı təmirdən sonra açılışı olub Elmar Vəliyev: "İlin sonuna kimi Gəncədə daha 2 tam orta məktəb, 1 internat tipli məktəb, 2 körpələr evi uşaq baxcasının açılışı olacaq"
Elm və təhsil
23 Dekabr , 2016 20:39
Gəncə şəhər 44 nömrəli məktəb-lisey-kompleksinin əsaslı təmirdən sonra açılışı olub

Bakı.  23 dekabr. REPORT.AZ/ İmadəddin Nəsimi adına Gəncə şəhər 44 nömrəli məktəb-lisey-kompleksinin əsaslı təmirdən sonra açılışı olub.

"Report" xəbər verir ki, əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən məktəbin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məktəbin direktoru Knyaz Süleymanov bildirib ki, təhsil ocağı 2011-2012-ci ildə “İlin Məktəbi” müsabiqəsinin qalibi olub. Cari təhsil ilində məktəbdə 1172 şagirdin təhsil aldığını vurğulayan Knyaz Süleymanov qeyd edib ki, onlara 120 nəfər müəllim elm-bilik öyrədir.

Məktəbin 6-cı sinif şagirdi Rüqəyya Əliyeva məktəb yoldaşları adından təhsil ocağının əsaslı şəkildə təmir edilərək istifadəyə verildiyi üçün ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını bildirib. O, onlara göstərilən diqqət və qayğının qarşılığında dəsrlərini müvəffəqiyətlə oxuyacaqlarına və Vətənə layiq olacaqlarına söz verib.

Məktəbin Valideyn Komitəsinin sədri Fazil Nağıyev ölkə rəhbəri İlham Əliyevə yaradılan şəraitə görə təşəkkürünü bildirib: "Valideynlərin arzusu övladlarının təhsil alaraq ölkəyə yararlı vətəndaş olmalarıdır."

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq, 2016-ci ilin sonuna kimi Gəncədə daha 2 tam orta məktəb, 1 internat tipli məktəb, 2 körpələr evi uşaq baxcasının əsaslı şəkildə təmirdən sonra açılışı olacaq. Onun sözlərinə görə, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

E.Vəliyev məktəbin tikilişində iştirak edən işçi quvvəyə təşəkkürnamə və hədiyyələr verib. 

Şagirdlərin iştirakı ilə məktəbin açılşını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub.

Qeyd edək ki, 1973-cü ildə tikilən məktəb ilk dəfə əsaslı təmir olunub. 2 hektardan çox ərazidə inşa olunan 3 mərtəbəli məktəb binasında tibb ocağı, kitabxana, idman zalı, laboratoriya, 3 kompyuter otağı və 51 sinif otağı var. Bu il Məktəbin 68 faiz şagirdi universitetə qəbul olaraq şəhər üzrə ən yüksək göstərici əldə edib.

Son xəbərlər

Orphus sistemi