Folklor İnstitutu: Bu gecə Böyük çillə başlayır

Folklor İnstitutu: Bu gecə Böyük çillə başlayır Atəş Əhmədli: "Yelda bayramı milli bayram səviyyəsinə qaldırılmalıdır"
Elm və təhsil
21 Dekabr , 2017 17:40
Folklor İnstitutu: Bu gecə Böyük çillə başlayır
Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gecə Yer kürəsinin şimal yarımkürəsində ilin ən uzun gecəsi - Çillə, Yelda gecəsidir.

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli "Report"a bildirib ki, türklər qədimdə qış fəslini 3 yerə bölürmüşlər: "Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir. Böyük çillə dekabr ayının 21-dən 22-nə keçən gecəsi başlayır, fevral ayının 1-2-si bitir".

A.Əhmədlinin sözlərinə görə, qışın gəlişinin əks etdirən Yelda bayramı milli bayram səviyyəsinə qaldırılmalıdır: "Təəssüf ki, bu bayram unudulmuş bayramlar siyahısındadır. Amma sevindirici haldır ki, son dövrlərdə bəzi bölgələrdə bu bayramın qeyd olunmasında canlanma hiss olunur. Çillə gecəsinin ritualı ən çox Naxçıvan ərazisində qalıb. Amma son illərdə Lənkəranda, bəzi qərb rayonlarında bayramın müəyyən rituallarına əməl olunmasına başlanılıb. Yelda bayramı kompleks Novruz mərasimlərinin başlanğıcıdır. Bu günün xüsusi ritualları və təamları var. Çillə gecəsində, əsasən, xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün hədik və xəşil bişirərlər. Qoz (cəviz) halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır".  

Mütəxəssis dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsi olduğunu xatırladaraq qeyd edib ki, dekabrın 21-dən etibarən günəş Azərbaycana 26.5 dərəcə bucaq altında düşür: "Bu gün 14 saat 51 dəqiqə gecə, 9 saat 9 dəqiqə gündüz olur".

Alim qeyd edib ki, bəzi mənbələr "Çil" sözünü "çehl" sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan "çil" sözü ilə əlaqələndirirlər: "Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır".

Son xəbərlər

Orphus sistemi