Dilçilik İnstitutu: Azərbaycan dili ilə bağlı ən çox səhvlər Nəsimi və Nərimanov rayonu ərazisində qeydə alınıb

Dilçilik İnstitutu: Azərbaycan dili ilə bağlı ən çox səhvlər Nəsimi və Nərimanov rayonu ərazisində qeydə alınıb AMEA-nın Dilçilik İnstitutunun Bakının 3 rayonunda apardığı monitorinq yekunlaşıb
Elm və təhsil
24 Noyabr , 2015 11:16
Dilçilik İnstitutu: Azərbaycan dili ilə bağlı ən çox səhvlər Nəsimi və Nərimanov rayonu ərazisində qeydə alınıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Bakı şəhərinin 3 rayonunda küçə adlarında, reklam və afişalarda, ünvan lövhələrində dil normalarına əməl olunub-olunmaması ilə bağlı apardığı monitorinq yekunlaşıb. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq: "Ötən ilin oktyabrından başlayaraq, Bakı şəhərində küçə reklamlarından tutmuş bütün idarə və müəssisələrin qabağında vurulmuş məlumat lövhələrinə qədər hər yerdə monitorinq aparılır. Bu müddət ərzində Nəsimi, Səbail və Nərimanov rayonu ərazilərində küçə adları, reklam və afişalar, ünvan lövhələrində Azərbaycan dili qaydalarına necə riayət edilməsi yoxlanılıb. Artıq bütün işlər yekunlaşıb".

Şöbə müdirinin sözlərinə görə, ən çox səhvlər Nəsimi və Nərimanov rayonu ərazisində qeydə alınıb: "Bir çox yerlərdə Azərbaycan dilində yazı yoxdur, əksər yazılar xarici dillərdə, xüsusilə ingilis dilindədir. Rus adları həddindən artıq çoxalıb. Latın qrafikasında olsa da, yazılar rus dilindədir. Məsələn "Dom kniqa" latın qrafikasında yazılsa da, Azərbaycan sözü deyil. "Azərbaycan dili haqqında" qanunda göstərilib ki, ehtiyac varsa, adın tərcüməsi xarici dillərdə yazıla bilər, amma bu lövhə azərbaycanca yazılan lövhədən böyük ola bilməz".

Q.Məhərrəmli qeyd edib ki, xidmət sahələrində, ictimai iaşə, ticarət obyektlərində, maşın təmiri müəssisələrində yerləşən lövhələrdə çoxlu dil qüsurları var: "Xüsusi ilə orfoqrafiq səhvlərə daha çox rast gəlinir. Məsələn "ehtiyat hissələri" qoşa "y" ilə yazılır, profilaktoriya sözü, "a" hərfi ilə yazılır. Lövhələrdə yazılar Azərbaycan dilinin orfoqrafiya qaydalarına zidd olur, yəni necə deyirlər elə də yazırlar".

Son xəbərlər

Orphus sistemi