Bu gün jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir

Bu gün jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib
Elm və təhsil
31 İyul , 2015 07:25
Bu gün jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir. 

"Report" xəbər verir ki, bu mərhələdə cari il aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. 

Xatırladaq ki, abituriyentlər onlara təqdim olunan mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. 

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol verən abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndiriləcək.

İnşa yazı (esse) 2-4 səhifə (ən azı 300 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (150 sözdən) az həcmdə yazılan inşalar da "sıfır" balla qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi