BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib

BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib
Elm və təhsil
23 Aprel , 2015 12:42
BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tələbələrin üçüncü elmi-texniki konfransı keçirilib. Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransın plenar iclasında BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, müasir Azərbaycanın banisi olan Ümummilli lider Heydər Əliyevin ölkəmizin dünyanın siyasi və iqtisadi məkanında layiqli yer tutması istiqamətində hərtərəfli fəaliyyəti Azərbaycanın müasir tarixinə həkk olunub. Rektor müasir Azərbaycanın uğurlarının ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyası ilə bilavasitə bağlı olduğunu vurğulayaraq, bu strategiyanın ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində inkişafa güclü təkan verdiyini bildirib. Ali Məktəbdə tədrisin elmi fəaliyyətlə vəhdət təşkil etdiyini vurğulayan rektor tələbələrin konfranslarının keçirilməsinin onlara elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təşkil etmək üçün əlverişli vasitə olduğunu qeyd edib.

Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Konfransın Təşkilat Komitəsi sədrinin müavini, BANM-in Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) rəisi, professor Rəna Mustafayeva plenar və bölmə iclaslarının təşkili, tələbələrin məruzələrinin hər bölmədə fəaliyyət göstərəcək münsiflər tərəfindən qiymətləndirilməsi qaydaları haqqında məlumat verərək, SOCAR, ölkədə fəaliyyət göstərən və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edən 8 transmilli şirkət tərəfindən konfransda maraqlı məruzələri ilə fərqlənən tələbələr üçün hədiyyələr təsis edildiyini elan edib.

Sonra konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri məruzələrin qiymətləndirilməsinin nəticələrinə əsasən ən maraqlı məruzələri təqdim etmiş iştirakçıları müəyyən edib.

Konfransın yekun iclasında fərqlənmiş tələbələrə BANM-in diplomları, SOCAR, BP, "Statoil", "Total", "Halliburton", "Schlumberger", "Emerson", "ABB" və "Avandsisgroup" şirkətlərinin hədiyyələri təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi