​BANM-də “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirilib

​BANM-də “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirilib Təlimçilər tələbələri narkomaniya xəstəliyindən uzaq olmağa səsləyiblər
Elm və təhsil
30 Aprel , 2016 13:06
​BANM-də “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) “Narkomaniyaya qarşı mübarizə” adlı seminar keçirib.

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Seminarda DİN Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev, Xətai RPİ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Zaur Məhərrəmov, veteran polislər Nazim Xıdırov, Kamal İmamverdiyev, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova və QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, professor-muəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov seminarın keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıb. Prorektor əsas məqsədin gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə tələbələrin cəlb edilməsi olduğunu vurğulayıb.

DİN Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev tədbir iştirakçılarına narkomaniya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniya problemlərinin dünya səviyyəsində aradan qaldırılması yolları, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan metodlar və bu xəstəliyin cəmiyyətdə yaratdığı əks təsirləri haqqında tələbələri məlumatlandırıb.

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova və QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova öz çıxışlarında narkomaniya xəstəliyi, simptomları, narkotik vasitələr, onların insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər, yeni müalicə üsulları və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş məlumat veriblər.

Təlimçilər tələbələri narkomaniya xəstəliyindən uzaq olmağa və aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyiblər.

Seminar sual-cavab sessiyası ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi