​Bakı Ali Neft Məktəbində SAP-ın regional Təlim Mərkəzi yaradılır

​Bakı Ali Neft Məktəbində SAP-ın regional Təlim Mərkəzi yaradılır Məqsəd SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirilməsidir
Elm və təhsil
12 Yanvar , 2016 10:59
​Bakı Ali Neft Məktəbində SAP-ın regional Təlim Mərkəzi yaradılır

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) SAP-ın regional Təlim Mərkəzi yaradılır. Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə BANM-in rektoru Elmar Qasımov və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer arasında razılıq əldə olunub.

Təlim Mərkəzinin yaradılmasında məqsəd SAP Tədris Mərkəzinin akademik nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanmaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənmək və SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirilməsidir. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar. Təlim Mərkəzinin fəaliyyəti BANM-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, eyni zamanda bütövlükdə region üçün nəzərdə tutulur.

Beləliklə, BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edən, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) və SAP arasında imzalanan müqavilə əsasında Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Həmçinin, ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi