Azərbaycanla Yaponiya arasında seysmologiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Yaponiya arasında seysmologiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub AMEA prezidenti Akif Əlizadə Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
Elm və təhsil
16 İyul , 2015 19:32
Azərbaycanla Yaponiya arasında seysmologiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. 16 iyul. REPORT.AZ/ AMEA prezidenti Akif Əlizadə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.

"Report"un AMEA-nın məlumatına istinadən verdiyi xəbərə görə, görüşün əsas məqsədi akademiya ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Öncə A.Əlizadə qonağa akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Son illər AMEA-nın idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini diqqətə çatdıran A.Əlizadə burada prioritet elmi istiqamətlərdə aparılan araşdırmalardan və innovativ layihələrdən söz açıb.

AMEA rəhbəri Yaponiyanın seysmologiya elmi sahəsində əldə etdiyi təcrübədən yararlanmağın zəruriliyini önə çəkərək, bu istiqamətdə birgə elmi laboratoriyanın yaradılması təklifini irəli sürüb. Alim AMEA ilə Yaponiyanın elmi-tədqiqat institutları arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verdiyini dilə gətirib.

T.Takahaşi öz növbəsində Yaponiya iqtisadiyyatının yenidən təşkili və inkişafı ilə bağlı təmsil etdiyi ölkədə həyata keçirilən innovativ tədbirlərdən danışıb. Səfir AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirərək, bu sahədə Akademiyaya lazımi köməkliyi göstərməyə hazır olduğunu dilə gətirib. Yaponiyada seysmologiya və vulkan sahəsində dərin elmi araşdırmaların aparıldığını qeyd edərək Azərbaycan alimləri ilə birgə tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin, innovasiya siyasəti üzrə Yaponiya təcrübəsinin öyrənilməsi imkanları, AMEA əməkdaşlarının bu ölkədə elmi-tədqiqat və təhsil imkanları, o cümlədən AMEA-nın Təcrübə-Sənaye Zavodunun bazasında Elmi-Texnoloji Parkın yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi