​Azərbaycanın tanınmış alimi vəfat edib

​Azərbaycanın tanınmış alimi vəfat edib O, Prezident təqaüdçüsü olub
Elm və təhsil
13 Yanvar , 2016 11:08
​Azərbaycanın tanınmış alimi vəfat edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin (ATU) professoru, Prezident təqaüdçüsü Ayaz Kəngərli vəfat edib.

“Report”un xəbərinə görə, A.Kəngərli universitetin Maşın və mexanizmlər nəzəriyyəsi kafedrasında çalışıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Kəngərli 1930-cu ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. 1947-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib, 1952-ci ildə Azərbaycan Politexnik institutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirərək avtomobil üzrə mühəndis-mexanik ixtisası alıb.

1952-1956-cı illərdə Azərbaycan Respublikası avtonəqliyyat nazirliyinin avtomobil bazalarında işləyib.

1957-ci ilin fevral ayında Azərbaycan Politexnik institutu "Maşın detalları" kafedrasının assistenti vəzifəsinə qəbul edilib, 1960-cı ildə həmin kafedranı baş müəllimi, 1970-ci ildən dosenti, 1990-cı ildə “Maşın və mexanizmlər” kafedrasının professoru seçilib.

A. Kəngərli 1969-cu ildə neft maşınlarının dinamikasına aid namizədlik dissertasiyası müdafiə edib, 1972-ci ildə dosent, 1990-cı ildə professor elmi adını alıb.

A. Kəngərli "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının yara­dıcısıdır, 1970-1982 və 2003-2013-cü illərdə ona rəhbərlik edib. Həmin illərdə kafedranın laboratoriya bazası yaradılıb, kurs layihələrinin mövzuları və yerinə yetirilmə qaydaları müasir səviyyəyə yüksəldilib.

1978-1983-cü illərdə "Avtonəqliyyat" fakültəsinin dekanı, 1994-1999-cu illərdə Universitetin xarici əlaqələr üzrə prorektoru vəzifələrində işləyib.

2002-ci ildə yenidən "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri vəzifəsinə seçilib.

102 elmi, metodik və tədris əsərlərinin, o cümlədən 2 dərsliyin, 1 dərs, çoxlu sayda metodik vəsaitin, iki ixtiranın müəllifidir. Onun hazırladığı çoxlu sayda işləyən mexanizmlərin animasiyaları "maşın və mexanizmlər nəzəriyyəsi" fənnindən aparılan mühazirələrdə istifadə olunur. A.Kəngərlinin rəhbərliyi ilə 3 aspirant texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya yazıb müdafiə ediblər.

O, respublika, ümumittifaq və beynəlxalq konfranslar və müşavirələrdə çıxışlar edib.

Son xəbərlər

Orphus sistemi