Bakı. 26 aprel. REPORT.AZ/ "Azərbaycanda müddətli əmək müqaviləsi ilə işləyən 2282 nəfər müəllim var".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, bu prosesin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə proqram təminatı vasitəsilə elektron qeydiyyatının baş tutması və müddətsiz əmək müqaviləsi ilə işləmək üçün Nazirliyə müraciət edən müəllimlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb: "Martın 29-dan aprelin 4-dək elektron qaydada qeydiyyat həyata keçirilib, 2 mindən çox müəllim qeydiyyata düşüb və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yeni yaradılan İnsan Resursları Mərkəzi tərəfindən həmin müəllimlərin məlumatları emal olunub, nəticədə 763 müəllim müsahibə mərhələsinə dəvət olunub. Qeydiyyatdan keçən bu namizədlər test mərhələsində müvafiq balı toplayanlardır, sadəcə olaraq, müsahibə mərhələsində iştirak etmədikləri üçün onları təkrar müsahibəyə dəvət etmişik. Hazırda müsahibələr davam edir. Bu gün 460 nəfərə yaxın namizəd dəvət edilib. Onlar ibtidai sinif, fiziki tərbiyə, musiqi müəllimləridir. Sabah isə qalan digər bütün fənlərin müəllimləri müsahibələrdə iştirak edəcəklər. Müsahibənin keçirilməsi üçün 20 komissiya fəaliyyət göstərir. Müsahibələr sabah yekunlaşır".
Şöbə müdiri bildirib ki, müsahibənin nəticələri protokollaşdırılacaq: "Növbəti həftənin əvvəlində Təhsil Nazirliyi tərəfindən hər bir namizədin şəxsi səhifəsinə müsahibələrin nəticələri göndəriləcək. Eyni zamanda müsabiqəyə dəvət olunmayan namizədlərin də elektron ünvanlarına imtinanın səbəbi göndəriləcək. İmtinanın müxtəlif səbəbləri var. Namizəd ya müvafiq keçid balını toplamayıb, ya da çalışdıqları müəsissədə kifayət qədər dərs yükü yoxdur".