Azərbaycan vətəndaşları üçün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib

Azərbaycan vətəndaşları üçün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib Qeydiyyat mayın 13-dən 18-dək aparılacaq
Elm və təhsil
12 May , 2016 16:46
Azərbaycan vətəndaşları üçün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan vətəndaşları üçün 2016/2017-ci tədris ili üzrə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən xəbərə görə, həmin universitetdə Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Mayın 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq edən, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları müsabiqədə iştirak etmək hüququna malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak edə bilməzlər. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilən Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal r. Badamdar q, Mikayıl Müşviq küçəsi 1 M).

Qeydiyyat 13-18 may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.

SQK-ya aşağıdakı sənədlər şəxsən təqdim edilməlidir:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş “Elektron ərizə”;

2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2016-cı ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

3. Şəxsiyyət vəsiqəsini.

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini.

Müsabiqə iki mərhələdən ibarətdir:

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.

Test imtahanı 2016-cı il mayın 22-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.

Müsahibə mayın 24-də saat 15:00-da keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il 27 və 29 iyunda aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaqdır. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi.

2. Milli pasportun surəti.

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil.

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış.

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi.

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat.

7. Sifilis müayinəsinin nəticəsi.

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat. 

Son xəbərlər

Orphus sistemi