Komitə sədri: "Azərbaycan elmində qocalma tendensiyası təhlükəli həddə çatıb"

Komitə sədri: "Azərbaycan elmində qocalma tendensiyası təhlükəli həddə çatıb" "Yeni layihədə gənc alimlər üçün geniş əhatəli güzəştlər nəzərdə tutulub"
Elm və təhsil
24 Fevral , 2015 16:44
Komitə sədri: Azərbaycan elmində qocalma tendensiyası təhlükəli həddə çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ “Təəssüf hissi ilə qeyd edim ki, son bir neçə il ərzində bu sahədə ciddi addımlar atılmasına baxmayaraq, Azərbaycan elmində qocalma tendensiyaları artır. Hətta bu göstərici təhlükəli həddə çatıb”. “Report” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsi barədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, elmi tədqiqat bölmələrində çalışan 50-dən yuxarı yaşı olan elmlər doktorlarının sayı 50-dən aşağı yaşı olanların sayından 5,8 dəfə çoxdur: “30 yaşına qədər olan elmlər doktorlarının sayı isə bütövlükdə elmlər doktorlarının cəmi 3,8 faizini təşkil edir. Bu tendensiya fəlsəfə doktorları üçün də xarakterikdir. Belə ki, elmi-tədqiqat bölmələrində 50-dən yuxarı yaşı olan fəlsəfə doktorlarının sayı 50-dən aşağı olan insanlardan 2 dəfə çoxdur. 30 yaşına qədər olanlar isə cəmi 1,8 faiz təşkil edir. Göründüyü kimi, məsələ təsəvvür etdiyimizdən də mürəkkəb və təhlükəlidir”.

Komitə sədri vurğulayıb ki, istedadı və elmə marağı olan gənclərin bu sahəyə gəlməsi üçün müvafiq qanunvericilik bazası gücləndirilib: “Gənc alimlər üçün geniş əhatəli güzəştlər nəzərdə tutulub. Həmçinin gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də qanun layihəsində öz əksini tapıb. Bundan başqa, hazırda yüksək ixtisaslı kadrların hazırlanmasında əsas problemlərdən biri də dövlət sifarişli doktorantların hazırlanmasına dövlət büdcəsindən vəsaitlərin ayrılmamasıdır. Qanun layihəsində mövcud problemin həlli istiqamətləri qeyd olunub”.

Komitə sədrinin çıxışından sonra deputatların “Elm haqqında” qanun layihəsi barədə fikirləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi