​Atəş Əhmədli: "Novruz bayramı təkcə dirilərin deyil, ölülərin də bayramıdır" - MÜSAHİBƏ

​Atəş Əhmədli: "Novruz bayramı təkcə dirilərin deyil, ölülərin də bayramıdır" - MÜSAHİBƏ "Novruz bayramının kökü çox-çox uzaqlara, 5 min il əvvələ gedib çıxır"
Elm və təhsil
20 Mart , 2015 14:00
​Atəş Əhmədli: Novruz bayramı təkcə dirilərin deyil, ölülərin də bayramıdır - MÜSAHİBƏ

"Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün və bundan sonra 30 günlük boz ay gəlir"

Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin "Report"a müsahibəsi:

- Novruz bayramının milliliyi nə ilə bağlıdır?

- Novruz xalqın yaşayışı, onun sosial həyatı ilə üzvi surətdə bağlıdır və vəhdət təşkil edir. Novruz bayramının mahiyyətində bir birləşmə, insanların bir araya gəlməsi, bütövləşmə, dövlətləşmə, milliləşmə, millətləşmə anlayışı var. Bu bayram həm cəmiyyət, həm də təbiət bərabərliyi anlamına gəlir. Təbiətin ölüb dirilməsi bu bayramın əsas özəyini təşkil edir. Bu bayramın kökü çox-çox uzaqlara, 5 min il əvvələ gedib çıxır. Burda Şumer dövrü izləri yaşanır. Çünki Şumerdə də təbiətin ölüb dirilməsi, bitkinin cücərdilməsi, onun şəninə törən keçirilməsi var idi. Zərdüştilik dövründə səməni artıq rəmzə çevrilmişdi. Səməni yaşıllığı, taxılı simvolizə edən bir bitki olaraq tanrının insanlara bəxş etdiyi mühüm qida mənbəyi idi. Şumerlərdə də bitkini cücərtmək, onun şəninə nəğmələr qoşmaq, törən keçirmək var idi, amma zərdüştilik dövründə yeni bir məsələ ortaya çıxdı, oturaq əkinçiliyin simvolu olan səməni böyük zəminin kiçildilmiş bir modeli kimi evdə hazırlanırdı. Yazın gəlişinin müjdəçisi idi.

Oda sitayiş zərdüştilik təlimindən gələn yeni məsələ idi, oda münasibət isə zərdüştilik təlimində mühüm önəmi var. Novruz tonqalının zərdüştliyə bağlanması düzgün deyil. Zərdüştilikdən də çox-çox əvvələ - Şumerə gedib çıxır. Od zərdüştilik dövrünə tamamilə yeni bir anlayışda, yeni bir təlimdə gəlib. Əksər mənbələrdə Novruzu zərdüştiliklə bağlayırlar. Burda ziddiyyət var, od bu qədər müqəddəs sayılırdısa, bu gün üstündən "ağrın səndə uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə" deyərək üzərindən atlanarkən onda biz zərdüştiliyin əziz tutduğu müqəddəs odu təhqir etmiş oluruq, bunlar bir-birinə uyğun gəlmir (Bunu da qeyd edim ki, insanların odun üstündən atlanarkən ağırlığım-uğurluğum səndə qalsın deməsi yalnışdı, bu, "ağrım səndə, uğurun məndə" kimi olmalıdır). Bu bayramın kökünü zərdüştliyə bağlayan adamlar bilməlidir ki, zərdüştilər odu xüsusi qablarda, örtülü şəkildə gətirirdilər, odu gətirən insan ağzına niqab örtərdi ki, nəfəsi belə oda getməsin. O qədər müqəddəs və əziz tutulurdu.

- "Novruz və Novruza qədərki mərasimlər toplumu" deyilən bir anlayış var. Yəni bayram əslində martın 20-21-dən əvvəl başlayır...

- Doğrudur. Novruz yalnız mart ayında olan canlanma ilə əlaqəli deyil. Novruzu mərasim kompleksi hələ qış ayından başlayır.

Türk xalqları, xüsusilə də azərbaycanlılar təbiətlə iç-içədir və bu istiqamətdə təcrübələri çoxdur. Fəsillərin necə dəyişməsi, zamanın necə keçməsi ilə bağlı təcrübələr, əhalinin sosial həyatda gördükləri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə obrazlaşdırmağa çalışıblar: Böyük çillə, kiçik çillə və boz ay.

- Çillə nə zaman daxil olur?

- Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün və bundan sonra 30 günlük boz ay gəlir. Daha mülayim olan böyük çillədən fərqli olaraq, kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.

Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə Böyük Çillə mərasimi keçirilir (Fevral ayının təxminən 1-2-si bitir). Bununla da Novruz mərasimləri başlayır. Bu gün Azərbaycan ərazisində gecənin ən uzun ölçüsü qeydə alınır, 9 saat 51 dəqiqə gündüz, 14 saat 9 dəqiqə gecə olur. Xüsusilə Naxçıvan bölgəsində bu ənənə saxlanılır. Payızın son aylarında tağdan dərilmiş qarpız "çillə qarpızı" adlandırılaraq saxlanılır və çillə gecəsi kəsilir.

- "Çillələr" nə anlam verir?

- "Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir. O gecənin daxil olması da məhz məşəqqətlərin daxil olması ilə başlayır. İnsanlar çilləyə qarşı öz müqavimətlərini hazırlayırlar.

- Niyə Novruzdan əvvəl keçirilən 4 çərşənbə məhz həftənin ikinci günləri qeyd olunur?

- Çərşənbə şənbədən sonrakı dördüncü gün deməkdir. Türk düşüncə sistemində, mifologiyasında, hər günün öz sahibi, öz qoruyucusu var idi. Çərşənbə haqqında da xüsusi bir inanc var. Amma bunun inanc sisteminə aid olmamışdan qabaq da bir kökü var.

Tarixən həmin gün ağır gün kimi qeyd olunub, faciəli hadisələrin insanların başına gəlməsi sonradan onların poetik düşüncəsində əks olunub, bədiiləşib və məsələyə belə obrazlı yanaşmağına gətirib. Çərşənbələrin içində daha vacibi, inanc və düşüncə sisteminə görə axırıncıdır və daha təhlükəlidir. Çünki həmin dövrdə il dəyişir.

Bu məqsədlə rituallar (adət-ənənəyə uyğun keçirilən təntənəli mərasim) keçirilirdi. Əyləncə xətrinə olan ritualların çoxu inancdır. Ritualların əsas mahiyyəti də, müəyyən ayinlərin icra olunması, fala baxmaq, qapı pusmalar, qulaq falı, niyyət tutmaq və s... Bu ritualların çoxu demək olar ki, İlaxır çərşənbədə qeyd olunur, əvvəlki çərşənbələrdə biz onları müşahidə etmirik. Alimlərin fikrincə, həmin dövrdə şər qüvvələr daha fəal olur. Gecə-gündüz bərabərliyində şər qüvvələr o qədər fəallaşır ki, onlar bütün varlığı ilə mübarizə aparırlar. Bu səbəbdən də həmin günü şən keçirmək, şadyanalıq etmək lazımdır.

- Günümüzdə hələ də bəzi Novruz adət-ənənələri öz mahiyyətini itirməyib. Mifologiyaya inanmaq nə qədər düzgündür?

- Mifoloji inanc sisteminin də təbii qaynaqları var. Müasir dövrdə çox vaxt inanc sisteminə yanlış yanaşma sərgilənir. Belə düşünülür ki, əcdadlarımız düşünmədən bəzi inancları yaradıblar və inanclarda məntiq yoxdur, amma əslində məqsəd insanların başına gələcək hadisədən onları xəbərdar etmək və qorumaq idi.

Qədim dövrdə günün tutulması anında dəmir qabları götürüb bir-birinə vurub səs salardılar. İndi elə bir düşüncə yaranıb ki, guya insanlar məntiqsiz şəkildə, bunu hadisənin qarşısını almaq üçün ediblər. Əslində isə bütün bunlar hadisədən az ziyanla çıxmaq üçün idi. Əgər zəlzələ, uçqun baş verərsə, bu xəbərdarlıq onları hadisə baş verən an dərhal xilas ola bilmələri üçün ayıq saxlayırdı.

- Çərşənbələrin sıralanması nəyə əsaslanır?

- Çərşənbələrin sıralanması mütləq deyil. Bəzi yerlərdə su, od, yel, torpaq. Məsələn, Qərb bölgəsində su, od, torpaq, yel və s. formada sıralanır. Bu cür bölgü təbii dəyişikliyə əsaslansa da, digər tərəfdən də mifoloji əsası var.

İstər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan ayin və etiqadlar bu fikri təsdiq etməkdədir. Sudan sonra istilik artdı, günəş çıxdı və su çəkildi. Od da məhz bunu əks etdirir. Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu - İlaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşlərində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gəlməklə müqəddəs mifoloji energetikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır. Mifologiya bizim inanc sistemimizdir.

- İnanc sistemimizi necə qorumalıyıq?

- Təəssüf ki, bu gün inanc sistemi itib gedir, bu baxımdan da ona əməl edən yoxdur. Dövrümüzdə inanc sadəcə bədii zövq kimi qalıb. İnanc və inam çox vacib məsələdir, insan inamsız yaşaya bilməz. İnanc insana çox çətinliklərdən çıxmağa kömək edir.

- Ayrıca od çərşənbəsi varsa, niyə bütün çərşənbələrdə tonqal qalanır? Bu necə izah edilir...

- Novruz günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi, istiliyinin artdığı, balıq bürcünün qoç bürcünə daxil olduğu anda qeyd olunur. 23 dərəcə, 27 dəqiqədə... Buna "yaz bərabərliyi" nöqtəsi deyilir.

Yəni bu bayram sırf Günəşlə bağlıdır. Günəş istilikdir, hərarətdir, ruzi-bərəkətdir, günəşin istiliyi artarsa, insanlar əkin-biçinə başlayır, bitkilər cücərir, heyvanlar otlağa, buraxılır... Tonqal isə günəşin kiçildilmiş bir modelidir, günəşi rəmzləşdirir. Bu səbəbdən də hər çərşənbədə məhz od yandırılır.

- Novruz xonçasında yandırılan şamların mənası nədir?

- Şamları bəzən xristianlıqla əlaqələndirirlər, amma bunun heç bir əsası yoxdur, istəyir şam olsun, istəyir o vaxt atılan, hətta bəzi rayonlarımızda indi də qalan lopalar olsun, bunların hamısı hansısa formada günəşi, odu, hərarəti stimullaşdırır.

Qəbir üstündə şamlar yandırırlar, çərşənbələrdə, xüsusilə də torpaq çərşənbəsində vəfat edənləri yad edirlər (Torpaq çərşənbəsi həmçinin "ölü çərşənbəsi" də adlanır). Bu bayram təkcə dirilərin deyil, həmçinin ölülərin də bayramıdır. Qədim mifologiyaya görə, insan ölmür, o dünyasını dəyişir, əgər cismi yoxdursa, ruhu var.

- İlaxır çərşənbədə süfrəyə "S" hərfi ilə başlayan 7 nemət qoyulur. Bu, nə qədər doğru fikirdir?

- Bu, tamamilə şərtilik daşıyır. Məsələn, Naxçıvanda bayaq qeyd etdim, çillə qarpızı kəsilir. Qarpız orda dominant olduğu üçün daha çox "Q" hərfi ilə başlayan nemətlər süfrəyə düzülür. Qarpız, qovun, qabaq... Bakıda və bir çox bölgələrdə isə "S" hərfi ilə başlayan nemətlər süfrəni bəzəyir. Bu, sünbül, səməni, su və s. ilə bağlıdır. Şəkər, şərbət dominant olan yerlərdə isə "Ş" hərfi ilə gəlir. Deməli dominant bitki nədirsə, sıralanmada ardıcıllıq onunla təyin edilir.

- Bu bayramı qeyd edən xalqların hamısında süfrədə eyni nemətlər olur?

- Xeyr, qətiyyən. Digər xalqlarda şirniyyat tamamilə fərqlidir. Bayramın rəmzi olan səməniyə gəlincə isə eyni olmasa da, hər hansı formada mütləq bitki cücərdilməsi bu bayramı qeyd edən bütün xalqlarda şərtdir.

Son xəbərlər

Orphus sistemi