​ADU-da Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirildi

​ADU-da Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirildi Universitetin tələbə-müəllim heyəti Şəhidlər Xiyabanını ziyarət edərək, Ü.Bünyadzadənin məzarı önünə qərənfillər düzdülər
Elm və təhsil
24 Sentyabr , 2014 12:10
​ADU-da Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirildi

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.

ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mərasimdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə qərənfillər düzdülər.

Daha sonra tədbir universitetin foyesində yerləşən Ülvi Bünyadzadəyə aid açıq muzeyin qarşısında davam etdi. 

Tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ülvi Bünyadzadənin universitetin istedadlı və bacarıqlı tələbəsi, eyni zamanda olduqca vətənpərvər, cəsarətli bir gənc olduğunu və 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu söylədi. O, Ü.Bünyadzadənin universitetin fəxri olduğunu bildirərək şəhidimizin “xalqımız yaşasın, parçalanmış torpağımız birləşsin” amalına xidmət etdiyini dedi.

Tədbirdə çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə bağlı xatirələrini danışaraq onu özünə ideal seçdiyini dedi. 

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır.1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. Universitetin III kursunda təhsil alan Ülvi Bünyadzadə 19 yanvar 1990-cı ildə həlak olmuş 20 yanvar şəhididir. 

Son xəbərlər

Orphus sistemi