700 bal toplayan abituriyentlər niyə Bakı Ali Neft Məktəbini seçiblər?

700 bal toplayan abituriyentlər niyə Bakı Ali Neft Məktəbini seçiblər? I qrup üzrə 700 bal toplayan 6 abituriyent məhz BANM-in ixtisaslarına üstünlük verib
Elm və təhsil
3 Avqust , 2017 11:35
700 bal toplayan abituriyentlər niyə Bakı Ali Neft Məktəbini seçiblər?
BANM

Bakı. 3 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayan 6 abituriyent məhz BANM-in ixtisaslarını seçib. 

"Report"un məlumatına görə, onlar seçimlərinin səbəbini BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə açıqlayıblar.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev: “BANM tələbələrə geniş imkanlar yaradan və yaxşı təhsil verən az saylı universitetlərdən biridir. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da həm ən perspektivli ixtisaslardan biridir, həm də özümə yaxın gördüyüm sahədir. Məhz buna görə də seçimim BANM oldu”.

Bakıdakı 220 saylı orta məktəbin məzunu Xalidə Əliyeva: “Məktəbdə ən sevdiyim fənn fizika idi və buna görə də 1- ci ixtisas qrupunu seçmişdim. Məktəbdə və hazırlıqda yoldaşlarımdan BANM haqqında eşitmişdim. Onların çoxu məhz BANM- də təhsil almaq istəyirlər və məndə də maraq oyatmışdılar. Ali təhsilim üçün istədiyim hər şeyin burada olduğunu düşünürəm. Seçdiyim ixtisas isə fizika ilə çox əlaqəlidir”.

İsmayıllı rayonu, Lahın qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov: “BANM-a daxil olmaq mənim ən xoşbəxt anımdır. Azərbaycan təhsilində sözünü qısa müddətdə demiş bu ali təhsil ocağına  inanırdım və imtahandan öncəki məqsədim də elə bura qəbul olunmaq idi. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına gəldikdə isə kompüter və robot texnologiyalarına olan marağımla əlaqədar sonda bu ixtisas üzərində dayandım. Gələcəkdə təkcə Azərbaycanda deyil, bütün dünyada bu sahənin peşəkarı kimi formalaşmağı və ölkəm adına bir ilkə imza atmağı qarşıma məqsəd qoymuşam”.

162 saylı orta məktəbin məzunu Mahirə Əsədzadə: “BANM tələbələr üçün böyük şanslar verir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verir. Tələbə üçün ən yaxşı seçim olacağını düşünürəm və ətrafımdakı yüksək bal toplayanların da seçimi bu təhsil ocağı olub”.

Bakıdakı Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov: “Elmi-texniki tərəqqi dövründə avtomatlaşdırmanın nə qədər perspektivli sahə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəmizin iqtisadiyyatının və nüfuzunun güclənməsi prosesində iştirak etmək həvəsi həmişə mənimlə olub. Niyə mən məhz BANM-i seçdim? Çünki bu təhsil müəssisəsi tələbələr üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir”.

Gəncədəki İstək liseyinin məzunu Abdulla Əsgərzadə: “Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli ali təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəyəm”. 

Son xəbərlər

Orphus sistemi