Bakı. 2 may. REPORT.AZ/ Bakıya bu gün Qüdsdən "müqəddəs od"dan bir hissə gətiriləcək. "Report" Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "müqəddəs od"un bir parçası bu gün saat 17:00-da Müqəddəs Mürdaşıyan Zənənlər kafedral kilsəsinə çatdırılacaq.
Mətbuat xidmətindən verilən məlumata görə, "müqəddəs od" çərşənbə günü Mixaylo-Arxangelsk kilsəsinə, cümə axşamı Sumqayıtdakı Serafim Sarovski provaslav məbədinə, sonra isə ölkənin müxtəlif regionlarına - Gəncə (Aleksandr Nevski kilsəsi), Xaçmaz (Möcüzə göstərən Nikolay kilsəsi) və s. ötürüləcək.
Eyni zamanda, mayın 3-də Kapelhausda Pasxa bayramı ilə əlaqədar uşaqlar üçün xeyriyyə gecəsi keçiriləcək. Mayın 5-də isə dini-mədəni pravoslav mərkəzində Böyük Vətən müharibəsinin veteranları üçün Pasxa bayramı və Qələbə günü münasibətilə mərasim təşkil ediləcək.
Qeyd edək ki, "müqəddəs od" hər il Pasxa bayramı ərəfəsində - müqəddəs Şənbə günü Qüdsdəki Müqəddəs Qəbir Kilsəsində yandırılır və buradan digər pravoslav cəmiyyətlərinə ötürülür. Möcüzəvi hesab edilən odun mənbəyi İsa Peyğəmbərin yenidən dirildiyi müqəddəs məbəddir. İddialara görə, hər il Pasxa bayramından bir gün əvvəl məbəddə od alovlanmağa başlayır.