Bakı. 18 fevral. REPORT.AZ/ Kanada Silahlı Qüvvələri İraq və Suriya ərazilərində İŞİD terrorçularının mövqelərinə aviazərbələrin endirilməsində iştirakını dayandırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsinin bəyanatında bildirilir.
"Kanada hökumətinin tapşırığına əsasən, Silahlı Qüvvələr fevralın 15-də "IMPACT əməliyyatları" çərçivəsində hava zərbələrinin endirilməsini dayandırıblar", — deyə sənəddə qeyd olunur.
Gözlənilir ki, Kanadanın hava zərbələrində iştirak edən 6 təyyarəsi mərhələli şəkildə bir neçə həftə ərzində regionu tərk edəcək. Bununla belə Kanada hərbçiləri yanacaqdoldurma, hava kəşfiyyatı, müşahidə missiyaları aparmaqla beynəlxalq koalisiyanın hava əməliyyatlarına dəstəyini davam etdirəcək.