"Report" agentliyi Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor rəhbərləri ilə müsahibələrini davam etdirir. Məqsəd qonşu ölkədəki Azərbaycan diasporunun hazırkı durumunu, qarşılaşdığı çətinlik və problemləri, eyni zamanda inkişaf prespektivlərini ictimaiyyətə çatdırmaqdır.
"Report"un budəfəki qonağı Rusiyanın Kalininqrad vilayətindəki Azərbaycan diasporunun sədri Tofiq Rzayevdir.
- Baltiysk şəhərində vitse-admiral Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi üçün hazırladığınız layihənin icrası ilə bağlı vəziyyət necədir?
- Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi və Kalininqrad vilayətinin Baltiysk şəhərinin mərkəzində onun büstünün yerləşdirilməsi diasporumuzun əsas vəzifələrindəndir. Çünki həmyerlimiz Həmid Qasımbəyovun sayəsində bu gün Baltiysk şəhəri inkişaf edir və çiçəklənir. Onun rolu əvəzsiz və danılmazdır. Mən şəhər dumasında həm deputat, həm də Azərbaycan diasporunun sədri olaraq, Baltiysk şəhərinin mərkəzində vitse-admiral Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi üçün layihəni təqdim etdim və çıxış edən zaman bütün deputatlar məni dəstəklədilər. Bundan sonra bütün lazımi orqanların razılığını aldıq. Bu proses dörd il çəksə də, artıq layihə hazırdır. Hətta maliyyə məsələsi belə həll edilib. Sadəcə, tikintiyə başlamaq lazımdır. Düşünürəm ki, ən gec halda 9 May - Qələbə Gününün 75-ci ildönümünə qədər büst şəhərin oriyentirlərindən birinə çevriləcəkdir.
- Həmid Qasımbəyovun Baltiysk şəhərinə gəlməsi necə baş verib? O, neçənci ildə vitse-admiral rütbəsi alıb?
- Baltiysk vilayət üçün strateji şəhərdir. Burada Baltik Dənizi Hərbi Dəniz Donanması yerləşir. 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri vəzifəsinə təyin olunub, daha sonra Baş Qərargah rəisi vəzifəsinə qədər irəliləyib. 9 iyul 1984-cü ildə isə SSRİ Müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ali rütbəsi verilib.
- Diaspor quruculuğu və Kalininqradda Azərbaycan diasporunun bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, hazırda Kalininqrad vilayətində üç Azərbaycan diaspor cəmiyyəti fəaliyyət göstərir. Amma inkişafa gəlincə, qənaətbəxş deyil. Mən 1973-cü ildə Rusiyanın Kalininqrad vilayətində təhsil almışam. Rusiya Kalininqrad Universitetinin İqtisad fakültəsini bitirib, həmin universitetdə prorektor vəzifəsində çalışmışam. İctimai fəaliyyətimə 1998-ci ildə yaratdığımız “Abşeron” cəmiyyətində başlamışam. Sonra Ümumrusiya Azərbaycan Konqresinin vilayət üzrə sədri olmuşam. Konqres dövründə həm Azərbaycan, həm də vilayət rəhbərliyi ilə sıx münasibətlərimiz olub. Bütün layihələrdə və region üçün əhəmiyyətli olan tədbirlərdə iştirak etmişik. Konqres ləğv edildikdən sonra fəaliyyətimiz dayanıb. Hazırda Kalininqradda üç Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Amma, demək olar ki, adları var, özləri isə yox. Qeyd etmək istərdim ki, vilayətdə fəaliyyət göstərən diaspor təşkilatlarının bir-birləri ilə münasibəti də yox dərəcəsindədir. Bu vəziyyət diasporun inkişafına əngəl törədir. Bir sözlə, hər kəs özünü lider hesab edir. Bütün bunlara baxmayaraq, nikbinik və inanırıq ki, yaxın vaxtlarda Azərbaycan diasporu vilayətin aparıcı qüvvələrindən birinə çevriləcək. Hazırda mən Rusiya Azərbaycanlılar İttifaqının və Azərbaycan İş Adamları Konfederasiyasının Kalininqrad vilayətindəki nümayəndəsiyəm.
- Kalininqrad vilayətində yaşayan azərbaycanlıların sayı məlumdurmu və hansı sahələrdə işləyirlər?
- Kalininqrad vilayətində 17 minə yaxın azərbaycanlı yaşayır. Onların əsas məşğuliyyəti ticarət və avtonəqliyyat xidmətləridir. Bundan başqa, hüquq-mühafizə orqanlarında, prokurorluqda və təhsil sahələrində də çalışan həmyerlilərimiz var. Demək olar ki, vilayətin bütün sahələrində azərbaycanlılar fəaliyyət göstərməkdədirlər. Vilayətdə polislərimiz də var, həkimlərimiz də... Bizə, sadəcə, birlik və azərbaycançılıq naminə birləşmək lazımdır!
İqbal Rüstəmov