Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür
Daxili siyasət
23 Avqust , 2019 12:41
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür

Bu gün Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yaranmasının ildönümüdür.

“Report”un xəbərinə görə, qurumun yaradılmasından 26 il ötür.

XDMX 1993-ü ildə yaradılıb. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin qorunmasından, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Ümummilli liderin Azərbaycanın müəllifi olduğu neft-qaz kəmərlərinin də mühafizəsinin məhz bu quruma - öz peşəkarlığı ilə seçilən Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə etməsi heç də təsadüfi deyil. İndi bu işi qurumun tərkibindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yerinə yetirir. Xüsusi Dövlət Mühafizə Xidməti Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz İxrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin mühafizəsini təşkil etməklə əslində əsrin layihəsinin qorunması işinə daha etibarlı və daha güvənli inam gətirib. Odur ki, ölkə iqtisadiyyatının strateji xətti olan bu kəmərin mühafizəsində heç bir problem olmayıb. Bakı-Supsa, Bakı-Novorossiysk ixrac neft kəmərlərinin Azərbaycandan keçən hissələrinin mühafizəsinin uğurlu təşkili də məhz bu qənaətə gəlməyə imkan verir.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” rabitə sistemini yaradıb. Bu sistem ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilib. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi də bu sistem üzərində qurulub. 2010-cu ilin martında Prezident İlham Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi qurumun işinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına səbəb olub.

Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” radiorabitə sisteminin, “AzStateNet” optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib. “TİA942” standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci ildə qurumun Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olub. Mərkəzin tikilib istifadəyə verilməsi həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biridir. Çünki əməkdaşların sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədilə inşa edilən bu mərkəzdə dünyanın ən müasir tibb avadanlığı quraşdırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada eyni vaxtda 280 zabit və gizirlə, 180 əsgərlə hərbi təlimlər keçirilir. Bu məqsədlə Təlim Tədris Mərkəzində 100 və 500 metrlik atəş meydançaları, regionda ilk dəfə inşa edilən İnteraktiv Atıcılıq Tiri yaradılıb. Bütün zəruri infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etməsinə imkan verən əsas amildir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının yüksək peşəkarlığı xarici dövlət başçılarının da diqqətini cəlb edib.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər verib.

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması əsas prinsiplərdəndir. Ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik heyəti də bu sırada fəallığı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq dövlətçiliyin və xalqın seçdiyi Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.

Dövlət başçısının bu il avqustun 21-də imzaladığı sərəncamlara əsasən, bir nəfər general-leytenant, bir nəfər general-mayor ali hərbi rütbələri, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 1 nəfər “Tərəqqi”, 24 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi