Zakir Qaralovun növbəti müddətə baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib - YENİLƏNİB

Zakir Qaralovun növbəti müddətə baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib - YENİLƏNİB O, Prezident İlham Əliyevə təşəkkürünü bildirib
Daxili siyasət
28 Aprel , 2015 14:35
Zakir Qaralovun növbəti müddətə baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib - YENİLƏNİB

ilk xəbər saat 09:05-də yayımlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib. "Report" xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub MM-in plenar iclasına tövsiyə edilib.

Milli Məclisin bugünkü plenar iclasında Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin göndərdiyi təqdimata baxılıb. Təqdimat haqda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Məsələ səsverməyə çıxarılıb və Z.Qaralovun növbəti 5 il üçün baş prokuror vəzifəsinə namizədliyi təsdiqlənib.

Daha sonra çıxış edən Zakir Qaralov Prezident İlham Əliyevə təşəkkürünü bildirib və etimadı yüksək diqqət kimi qiymətləndirib.

O, bundan sonra da işlərini siyasi xətt üzrə ən yüksək səviyyədə doğrultmağa çalışacağına söz verib

Qeyd edək ki, Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 

26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi