Milli Məclisdə yeni qanun layihəsi hazırlanır

Milli Məclisdə yeni qanun layihəsi hazırlanır “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi ilə bağlı İşçi Qrupun toplantısı keçirilib
Daxili siyasət
21 İyun , 2016 18:03
Milli Məclisdə yeni qanun layihəsi hazırlanır

Bakı. 21 iyun. REPORT.AZ/ Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin hazırlanması üçün yaradılan İşçi Qrupun toplantısı keçirilib.

“Report”un məlumatına görə, iclasda yeni qanun layihəsinin hazırlanmasında təklif və tövsiyələr müzakirə edilib.

Komitə sədri Fuad Muradov bildirib ki, yeni qanun layihəsinin hazırlanması təşəbbüsü ilə gənclər və idman naziri Azad Rəhimov çıxış edib: “Layihənin hazırlanmasına başlayanda bütün dövlət qurumlarından dəstək aldıq. Hələlik hazır qanun layihəsi yoxdur, ancaq gələcəkdə təklif və tövsiyələr əsasında hazırlanacaq. Növbəti sessiyaya qədər layihənin müəyən istiqamətləri müəyyənləşdirilməlidir. Layihənin əsas koordinasiya işini Ülvi Quliyev həyata keçirəcək. Biz həm idman cəmiyyətinin, həm də funksionerlərin fikirlərini öyrənəcəyik”.

Onun sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyi (WADA) 7 mindən artıq dərmandan istifadəyə qadağa qoyub: “Təbii ki, idmançılar həmin dərmanlardan istifadə edə bilməzlər. Əgər istifadə olunsa, həmin təşkilat dərhal idmançılara, federasiyalara qarşı müəyyən sanksiyalar tətbiq edir. Təəssüf ki, dopinqin istifadəsi bütün dünyada gəncləşir və bu da həm ölkəyə, həm də gələcəyimizə ziyandır”.

Azərbaycanda dopinqə qarşı ciddi mübarizə tədbirlərinin görüldüyünü deyən komitə sədri təəssüf hissi ilə qeyd edib ki, dünyada gedən antidopinq siyasəti bir çox hallarda neqativ nəticələrə gətirib çıxarır: “Ümumdünya Antidopinq Agentliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər bir çox ölkələrə, idmançılara qarşı cərimələr, sanksiyalar tətbiq edib. Bunlar da son nəticədə ümumi idmanın inkişafına müsbət təsir kimi dəyərləndirilir. Lakin razı olmadığımız addımlar da var. Məsələn, bəzən hansısa ölkələrə qarşı xüsusi yanaşmalar olur”. 

F.Muradov qeyd edib ki, yığma üzvlərinə qarşı tətbiq olunan cərimələrin tərəfdarı deyil: “Çünki cərimələr sayəsində komandalarımız yarışlarda iştirak hüququndan məhrum ola bilərlər. Bu gün Azərbaycanda həyata keçirilən idman islahatları bu cərimələrdən qaçmağa imkan verir. Təbii ki, bu gün bir çox federasiyaların işi ilə bağlı bir sıra narahatlıqlar var. Onların bu işə daha ciddi yanaşmalarını istəyirik. Ölkədə yüzdən çox federasiya var və bu məsələdə də əsas məsuliyyət məhz onların üzərinə düşür. Bu gün Rusiyanın 80 nəfərə yaxın idmançısı, təxminən 99 faizi Rio-2016-dan məhrum olublar. Bu, hələ başlanğıcdır”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, bu gün dopinq problemi bütün dünyada mövcuddur: “Ümumdünya Antidopinq Agentliyi tərəfindən bir çox idmançılara qarşı haqsızlıq olduğunu çəkinmədən demək olar”.

Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə vurğulayıb ki, son on ildə görülən işlər nəticəsində cəmi 5 idmançı dopinqə görə diskvalifikasiya olunub: "Bu, böyük naliyyətdir. Onlardan 3 nəfəri legioner, 2-si isə azərbaycanlı idmançıdır. Burada səbəb məşqçilərin səhvidir və biz hələ də bunun üzərində işləyirik”.

İclas mövzu ətrafında müzakirələrllə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi