​Millət vəkili: "Azərbaycanın inkişafına kölgə salmağa çalışan xarici qüvvələr var"

​Millət vəkili: "Azərbaycanın inkişafına kölgə salmağa çalışan xarici qüvvələr var" "Daxili bədxahlar, qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə səy göstərirlər"
Daxili siyasət
10 Aprel , 2015 19:49
​Millət vəkili: Azərbaycanın inkişafına kölgə salmağa çalışan xarici qüvvələr var

Bakı. 10 aprel. REPORT.AZ/ "Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar".

"Report"un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva YAP-ın rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar: ""Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən, ABŞ-da, Avropa ölkələrində baş alıb gedən islamofobiya, rasizm, diskriminasiya, korrupsiya hallarını görməməzlikdən gələn həmin qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi bu dəfə də daxili bədxahlar, qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə də səy göstərirlər. Bundan irəli gələrək, erməni lobbisinin nəzarətində olan mətbuat orqanlarına, bəzi dünya KİV-lərinə fikir verdikdə Azərbaycandakı radikal müxalifətin mətbuat orqanlarının sinxron fəaliyyətini də sezirik. Eyni zamanda, xarici siyasi direktivlərə əsasən “mitinq”lər keçirməyə cəhdlərin göstərilməsi də eyni ssenarinin tərkib hissəsidir. Bütün bunlar bir daha isbatlayır ki, radikal müxalifət ermənipərəst dairələrin, erməni lobbisinin Azərbaycandakı "5-ci kolon" funksiyasını yerinə yetirirlər.

Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq, bütün məsələlərdə də biz bunu görürük. Bu mənada hesab edirəm ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və Azərbaycan Avropa və dünya ictimaiyyətinin ona göstərdiyi etimadı doğruldaraq, I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır".

O, müsahibəsində sədri olduğu YAP-ın Nizami rayon təşkilatının fəaliyyətinə də toxunub: "Qarşıdan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı gəlir. Bu məqsədlə həmin konfransda iştirak edəcək nümayəndələrin müəyyənləşdirilməsi və digər təşkilati məsələlərin həll olunması üçün partiyanın şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Bu gün YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü var. Bunlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir. Həmçinin, YAP Nizami rayon Gənclər Birliyinin üzvlərinin 2357 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərin 3061 nəfəri ali, 1470 nəfəri orta ixtisas, 980 nəfəri orta təhsillidir, 3 nəfəri isə elmlər namizədidir. Gənclərin 2042 nəfəri təhsil, 1573 nəfəri səhiyyə, 324 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 378 nəfəri isə tələbədir. 12 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq bələdiyyə üzvü seçiliblər".

Son xəbərlər

Orphus sistemi