"Azərbaycan" qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqatı ilə bağlı püşkatma keçirilib

"Azərbaycan" qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqatı ilə bağlı püşkatma keçirilib Bakı. 21 mart. REPORT.AZ/ Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb.
Daxili siyasət
21 Mart , 2018 13:33
Azərbaycan qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqatı ilə bağlı püşkatma keçirilib

Bakı. 21 mart. REPORT.AZ/ Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb.

"Report" xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Qəzetin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, redaksiya “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti 11 aprel prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Qanunvericiliyə uyğun olaraq həftə ərzində 8 min kv.sm, yəni 4 səhifə müəyyənləşdirilib.

Üç təşviqat həftəsi çərçivəsində 8 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq. Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Biz 5 il öncə keçirilən prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif etdik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirildi ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradıldı. Təsadüfi deyil ki, 5 il öncə prezidentliyə namizədlərin seçki qərargahları bu mexanizmi ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirdilər. Bu dəfə də həmin mexanizmi davam etdiririk. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetin 25 mart, 1 və 8 aprel tarixlərində dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Sərdar Məmmədov

2. İlham Əliyev

3. Qüdrət Həsənquliyev

4. Zahid Oruc

5. Araz Əlizadə

6. Fərəc Quliyev

7. Razi Nurullayev

8. Hafiz Hacıyev

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər. Onlar püşkatma obyektiv şəkildə keçirildiyini qeyd ediblər. Püşkatmanın nəticəsi bütün tərəflərin razılığı ilə qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi