Bu il Azərbaycanda 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bu il Azərbaycanda 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib Onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub
Daxili siyasət
31 İyul , 2015 16:33
Bu il Azərbaycanda 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Bu ilin birinci yarımilində qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilib, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil edib.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan tələblərdən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni strukturu, idarə və şöbələrin əsasnamələri təsdiq edilmiş və əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin edilib.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunub.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlarına müvafiq olaraq Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verilib.

Əməliyyat müşavirəsində hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirilməsi xüsusi vurğulanıb.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə ciddi qüsurlar kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub. Belə ki, 2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün. Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmaqla, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Son xəbərlər

Orphus sistemi