Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans, sərgi zalı və digər obyektlər inşa olunub
Biznes
7 Noyabr , 2017 19:28
Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir müavini xalçaçılığın inkişafının İqtisadiyyat Nazirliyi tərəfindən daim dəstəkləndiyini bildirib və belə icma əsaslı biznesyönümlü layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verib və rayonda xalçaçılıq sənətinin inkişafı ilə bağlı geniş potensialın olduğunu diqqətə çatdırıb.

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycanla ABŞ arasında əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, xalça müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Alpan, Uzunmeşə, Gəray, Kürkün və Susay kəndlərində yaşayan 50 nəfər işlə təmin olunacaq. 200 nəfər qadın isə xalçaçılıq üzrə pulsuz təlimlərdə iştirak edəcək. Bundan başqa, müəssisədə xalçaların istehsalı üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.) yerli fermerlərdən alınacaq.

Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa olunub.

Son xəbərlər

Orphus sistemi