Bakı. 19 mart. REPORT.AZ/ "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşəbbüsü ilə düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib.
Bu barədə "Report" quruma istinadən xəbər verir.
Məlumata görə, Novruz bayramı münasibəti ilə keçirilmiş aksiyada Səhmdar Cəmiyyətin əməkdaşları əvvəlcə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil və gül dəstələri düzüb. Onlara aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra işçilər Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov əhalinin kənddə rahat yaşaması üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən danışıb.
Səhmdar Cəmiyyətin departament müdiri Abbas Hacıyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli çıxış edərək sakinlərə İdarə Heyətinin sədri Əbülfət Qocayevin salamlarını çatdırıblar. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilmiş hərbi əməliyyat nəticəsində azad edilmiş kənd Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi nəticəsində abadlaşdırılıb, əhalinin rəvan həyatı təmin edilib: "Cocuq Mərcanlının yenidən bərpası Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin nəticəsidir. İşğal edilmiş torpaqlarımızın azadlıq rəmzinə çevrilmiş bu kənd yaxın gələcəkdə Şuşaya, Xankəndinə gedən əsas yolun başlanğıcı olacaqdır”.
Əhali ilə görüş çərçivəsində kənddə məskunlaşmış 50 ailəyə bayram sovqatları, kənd orta məktəbinə isə kompüter dəstləri hədiyyə olunub.
Əməkdaşlar işğaldan sonra yenidən tikilmiş kəndlə yaxından tanış olublar, “Şuşa” məscidinə baxış keçirilib. Təmas xəttində xidmət aparan Azərbaycan əsgərləri ilə görüş əməkdaşlar arasında xoş hisslər yaradıb.
Daha sonra cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. Səhmdar Cəmiyyətin əməkdaşları əsgərlər qarşısında çıxış edərək onları düşmənə qarşı amansız olmağa çağırıblar. Bildirilib ki, düşmənlə təmas xəttində xidmət aparan əsgərlər arasında hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir.
Sonda Səhmdar Cəmiyyət adından hərbi hissəyə bayram sovqatları təqdim olunub.
Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanmış bayram konserti ilə başa çatıb.