Ağ Evə sızan İsrail kəşfiyyatı - Trampın şübhələri - ŞƏRH

Ağ Evə sızan İsrail kəşfiyyatı - Trampın şübhələri - ŞƏRH Bu xəbərin, yaxud şayiənin indi yayılması ABŞ-İran münasibətləri ilə bağlı ola bilər
Analitika
13 Sentyabr , 2019 15:30
Ağ Evə sızan İsrail kəşfiyyatı - Trampın şübhələri - ŞƏRH

Maraq və mənafe olan yerdə dostluq, müttəfiqlik, qardaşlıq və s. – daşlıqlar belə gözə görünmür. Elə müttəfiqlərin (müttəfiqdirsə, dostdursa, burada "ən yaxın" ifadəsinə ehtiyac olmur. Çünki müttəfiq və dost ən yaxın olar) bir-birini izləməsi, material toplaması, casusluq etməsi bunu təsdiqləyir. Həmin dostların kəşfiyyat orqanlarının bir-biri barədə casusluq etməsinə dair yayılan “şayiə”lər belə əhəmiyyətsiz deyil. Həmin şayiələrin yayılmasının da səbəbi yox deyil.

Hər halda ABŞ-la İsrailin müttəfiqliyi, dostluğu və qardaşlığını xatırlamağa, bunu təsdiq edən faktları sadalamağa birmənalı şəkildə ehtiyac yoxdur. Ancaq, deyəsən, onların arasından da su keçirmək istəyənlər yox deyil. Sentyabrın 12-də “Politico” saytı İsrailin Ağ Ev və Vaşinqtondakı başqa dövlət qurumları yaxınlığında mobil telefonlar vasitəsilə izlənilən aparatlar yerləşdirməsi haqqında yazı dərc edib. Məqalədə vurğulanıb ki, ABŞ hökuməti buna görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib. Bu xəbər və ya şayiə niyə indi yayılıb? Bu məsələdə kimlər və niyə maraqlı ola bilər?

ABŞ prezidenti Donald Tramp son iki ildir İsrailin Ağ Ev yaxınlığında izləmə aparatları yerləşdirməsi barədə iddialara münasibət bildirərkən deyib: "İsrail kəşfiyyatının bizi izləməsinə inanmıram, ancaq hər şey mümkündür”. Belə çıxır ki, Donald Tramp İsrailin ABŞ-ı izləməməsinə tam əmin deyil və içində şübhə var. Ağ Evin indiki sahibi niyə şübhələnir? Xəbər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton işdən azad edildikdən iki gün sonra yayılıb. Bu müşavir qatı anti-İran mövqeli sayılırdı. O, bu vəzifəyə təyin edildikdən sonra Donald Tramp İrana qarşı sərt tədbirlər həyata keçirməyə başladı. Hətta ABŞ “altılıq” ölkələrinin 2015-ci ilin iyulunda İranla bağladıqları Əhatəli Razılaşma Müqaviləsindən belə çıxdı.

Görünür, müşavirin istefaya göndərilməsindən İsraildə və ABŞ-da narazı olanlar Donald Trampa əllərində gizli materialın oldğuna barədə mesaj veriblər. Bu material ABŞ prezidentin İranla bağlı mnövqeyinə aid də ola bilər.

Ola bilsin, əvvəllər İsrail rəsmiləri ilə İrana dair məsələdə razılaşma əldə edilməyib və Donald Tramp bununla həmin məlumatın yayıla biləcəyinə eyham vurur. Bu baxımdan Ağ ev İsrail kəşfiyyatının onları izləmədiyi barədə xəbəri birmənalı olaraq hələ təkzib etməyib.

“Poltico”nun yazdığına görə, Donald Tramp təhlükəsizlik məsələlərinə diqqət ayırmağı vacib saymır. 2018-ci ildə KİV onun telefon danışıqlarının Çin tərəfindən dinlənilməsini bildirdi. O, həmin məqaləyə münasibət bildiriərkən demişdi: “Məlumt o dərəcədə doğru deyil, onun təkzib edilməsinə vaxt sərf etmək belə heyfdir”. Bununla belə Ağ evdə qurğu aşkar edildi. Onu nquraşdıran isə hələ də məlum deyil. Məqalədə bildirilib ki, başqa xüsusi xidmət orqanları ilə Federal Təhqiqat Bürosunun keçirdiyi araşdırma nəticəsində qurğunun quraşdırılmasında israillilərin də iştirak etdikləri məlum olub. Qəzet İsrailin təhlükəsizliyinin təmin olunması üçün kəşfiyyat bütün tədbirləri görməyə çalışır. İsrail kəşfiyyatı isə daha çox barışmazlığı və qətiyyətliliyi, sərtliyi ilə tanınır.

İsrailin baş naziri Binyamin Netanyahu, xarici işlər naziri İsrael Kas, eləcə də İsrail xüsusi xidmət orqanlarının keçmiş nümayəndələri isə ABŞ-a qarşı casusluğu qəti şəkildə təkzib ediblər. B.Netanyahu Rusiyaya səfəri zamanı Soçi şəhərinin hava limanına enən kimi ölkəsinin ABŞ-ı izlədiyinə dair məlumatı təkzib edən bəyanat verib: “Casusluq ittihamı yalan və böhtandır. ABŞ-da kəşfiyyat məlumatları toplanılmamasına dair mənim dəqiq tapşırığım var. Bu tapşırığa tamamilə əməl olunur”. İsrail hərbi kəşfiyyatının (AMAN) keçmiş rəisi Amos Yadlin isə bildirib ki, bu, saxta, antisemitizmin istiqamətləndirdiyi xəbərdir. Onun sözlərinə görə, İsrailin siyasətində artıq bir neçə on ildir ABŞ-a qarşı casusluq etmək qəti qadağan olunub. Amos Yadlinin dediklərindən belə çıxır ki, İsrail əvvəllər ABŞ-a qarşı casusluq edib. İsrail dövlətinin 71 ildir yarandığını nəzərə alsaq, kəşfiyyatın ABŞ-da bu yaxınlara qədər fəaliyyət göstərdiyi qənaətinə gəlmək olar. Onda Binyamin Netanyahu hökumət başına gələndən bəri ABŞ-a qarşı casusluq fəaliyyətinin göstərilmədiyini ehtimal etmək olar. Hərənin düşmən saydığı qüvvə var və belə hallarda bütün günahlar ilk növbədə onun üzərinə yıxılır. İsrail də bu sayaq məsələlərdə antisemitzmi ittiham edir. Bu, Amos Yadlinin münasibətində də təkrarlanıb.

Əslində, xəbərin, yaxud şayiənin indi yayılması ABŞ-İran münasibətləri ilə bağlı ola bilər. Başqa bir ehtimala əsasən, bu, İsrailin siyasi həyatındakı hadisələrə hesablanıb. Sentyabrın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Apreldə keçirilən növbədənkənar seçkilərdən sonra Binyamin Netanyahu hökuməti formalaşdırmağa nail olmadığından yenidən seçkilərin keçirilməsi barədə qərar qəbul olundu. Ona görə də bu qalmaqalın Binyamin Netanyahuya qarşı hesablandığını da ehtimal etmək olar. 70 yaşlı siyasətçi 1996-cı ildən İsrail siyasətində aparıcı yer tutur. O, bu müddət ərzində bir neçə dəfə baş nazir olaraq hökumət qurub. Belə qənaətə gəlmək olar ki, İsraildə onun yenidən hökumətə başçılıq etməsini istəməyən siyasilərə “Politico” ötürmə edib. Qeyd edək ki, o, seçkiqabağı ABŞ, Almaniya, Fransa, Britaniya və Rusiyada səfərdə olub.

ABŞ-da güclü yəhudi icması var. Onlar İsraildə keçirilən istənilən siyasi hadisəyə, kampaniyaya təyinedici və təsiredici gücə malikdir. Ona görə də “Politico” bu yazı ilə Binyamin Netanyahunun ABŞ-da nüfuzuna xələl vurmaq istədiyi qənəatinə də gəlmək olar.

Burada “Politico” barəsində də qısa məlumat vermək istərdik. Bu siyasi sahə ilə məşğul olan KİV-dir. 2007-ci il yanvarın 23-də təsis edilib. Bu orqanın mövzuları Vaşinqtonun rəsmi dairələrini, o cümlədən Konqresi, lobbiçiliyi, KİV və prezident şəbəkəsini əhatə edir. Con F.Harris və Cim VandeHey “The Washington Post”u tərk edərək uyğun olaraq "The Politico"da baş redaktor və məsul redaktor olublar. 2015-ci ildə bu qəzet Brüsseldə “Politico Europe” adı altında Avropa nəşrinə başlayıb. ABŞ-da 40 min nüsxə ilə həftədə 5 dəfə çıxan “The Politico” Vaşinqton və Manhettendə pulsuz yayılır. Bu qəzet yarandığı qısa müddət ərzində böyük şəbəkə qura bilib. Bu isə qəzeti etibarlı informasiya mənbəyi edib.

Nəhayət, “Politico”nun iddialarını ABŞ-a qarşı “bumeranq” da saymaq olar. 2013-cü ildə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Almaniya kansleri Angela Merkelin telefonuna gizli qulaq asmaqda ittiham olunmuşdu. Angela Merkel ABŞ-dan dinləmə ilə əlaqədar iddialara aydınlıq gətirməsini istəyərək ABŞ-ın transatlantik ölkələri arasındakı inamını yenidən geri qaytarmaq üçün bunun zəruri olduğunu bildirmişdi. İndi növbə, deyəsən, ABŞ-ın müttəfiqləri və rəqiblərinindir. ABŞ-da prezident seçkisi zamanı Demokratlar Partiyasının namizədi Hillari Klintonun poçtu ilə bağlı yaranan qalmaqal “bumeranq”ın ilk zərbəsi sayıla bilərdi. Bunu o vaxt rəqibin - Rusiyanın etdiyini bildirdilər. O da deyildi ki, Trampın seçkiqabağı komandası Rusiya ilə əməkdaşlıq edib və Klintonun poçtu ilə bağlı iş də onlara aiddir. ABŞ bu dəfə müttəfiqi İsraildən kəşfiyyat sahəsində zərbə alıb.

Beləliklə, informasiya hamıya lazımdır: qardaşa da, dosta da, müttəfiqə də, rəqibə də, düşmənə də. Texnologiya əsridir, hamı informasiya uğrunda mübarizə aparır. Belə şəraitdə təkziblər isə bəzən yalandan and içməyə oxşayır.

Son xəbərlər

Orphus sistemi