Gələcək süni intellektindir - ANALİTİKA

Gələcək süni intellektindir - ANALİTİKA Çinin Şanxay şəhərində keçirilən 2019-cu il Dünya Süni İntellekt Konfransının ən maraqlı məqamlarından biri “Tesla”nın qurucusu Elon Musk ilə “Alibaba”nın qurucusu Cak Ma arasında baş tutan 48 dəqiqəlik süni intellekt (Sİ) mövzusundakı debat oldu. Strateji düzgün qərarlar ustası kimi tanınan iki biznesmenin Sİ və onun gələcəyi haqqındakı fikirləri fərqli idi.
Analitika
3 Sentyabr , 2019 15:58
Gələcək süni intellektindir - ANALİTİKA

Çinin Şanxay şəhərində keçirilən 2019-cu il Dünya Süni İntellekt Konfransının ən maraqlı məqamlarından biri “Tesla”nın qurucusu Elon Musk ilə “Alibaba”nın qurucusu Cak Ma arasında baş tutan 48 dəqiqəlik süni intellekt (Sİ) mövzusundakı debat oldu. Strateji düzgün qərarlar ustası kimi tanınan iki biznesmenin Sİ və onun gələcəyi haqqındakı fikirləri fərqli idi.

E.Musk hesab edir ki, Sİ insandan daha ağıllıdır və getdikcə insan zəkasını dəfələrlə üstələyəcək. O Sİ ilə insan zəkası arasındakı fərqi insanla ağac arsındakı fərqlə müqayisə edib. Ağacın insanı başa düşməsi nə qədər çətindirsə insanın da Sİ başa düşməsi bir o qədər çətin olacaq. Bir sonrakı addım isə Sİ-in öz özünü proqramlaması və artıq insana ehtiyac duymamasıdır.

E.Musk ümid edir ki, kompyuterlər insanlara qarşı mərhəmətli davranacaqlar. Ma isə başqa fikirdədir. Sİ insan zəkasını əvəz etmir, əksinə qüvvətləndirir. İnsan Sİ sayəsində özünü və ətraf mühiti daha yaxşı dərk edir, daha dəqiq və sürətli qərarlar alır və inkişaf edir. Bu iki zidd fikrin ortaq cəhəti isə süni intellektin insan həyatında mühim rol oynayacağı və gələcəyin texnologiyası olmasıdır. Tibbi diaqnostikadan insan resurslarına, marketinqdən sürücüsüz hərəkət edən avtomobillərə qədər, Sİ bir çox sahədə artıq reallıqdır.

Məsələn, işə müraciət etmiş namizədlər arasında Sİ-nin seçərək işə qəbul etdiyi əməkdaşlar, təcrübəli HR-lar tərəfindən seçilmiş əməkdaşlardan daha yaxşı nəticə göstərirlər. İBM şirkətinə məxsus proqram təminatı bəzi xərçəng növlərinə təcrübəli həkimlərdən daha tez və dəqiq diaqnoz qoyur. Şəkil və tekst prosessinqi üzrə proqram təminatları bir audit komandasının 96 saata yerinə yetirdiyi işi bir neçə milli saniyəyə başa çatdırır.

Məşhur Belçika riyaziyyatçısı Alan Türinq hesab edir ki, süni intellekt ağıllı maşınlar və proqram təminatları yaratmaq elmidir. Mütəxəssislər arasında keçirilən sorğu əsasında Sİ-ni üç növə ayırmaq mümkün olmuşdur:

ANİ ( Artificial narrow intelligence - zəif süni intellekt ) - bu növ Sİ müəyyən bir tapşırığa fokuslanır və onu həll edir. Siri, Kortana, Google assistent bu növ Sİ-yə misaldır.

AGİ (Artificial general intelligence - ümumi süni intellekt) - insan zəkasına yaxın, bütün tapşırıqların öhdəsindən gələ bilən Sİ-dir. İnsan beynini modelləməyə çalışan bu növə misal olaraq Səudiyyə vətəndaşlığı almış ilk robot olan Sofiyanı göstərmək olar.

ASİ ( Artificial super intelligence – süni super intellekt) - bu növ süni zəka hələlik ilkin inkişaf mərhələsindədir. İnsan zəkasını üstələyəcək bu Sİ hisslərin idarə edilməsi, yaradıcılıq kimi sahələrdə tapşırıqları həll edə biləcək, hətta özünü proqramlaşdıra biləcəkdir.

Hər halda, süni intellektin tətbiq sahələri olduqca genişdir və iqtisadi baxımdan yaxın 50 ildə inqlabi dəyişikliklər müşahidə edə bilərik.

Qlobal Sİ tətbiqlərindən şirkətlərin gəlirlərinin 2018-ci ildəki 1,6 milyard dollardan 2025-ci ildə 31,2 milyard dollara qədər artacağı proqnozlaşdırlır.

“Deloitte” audit şirkətinin məlumatına görə Sİ-yə investisiya etmiş şirkətlərin 49%-nin gəlirliliyi 20%-dən çox olub. İnvestisiya məbləği artdıqca gəlirlilik də artıb.

 Bu texnologiyaya olan investisiyaları istər dövlət səviyyəsində, istərsə də özəl sektorda sürətlə artır və bir çox ənənəvi sənayeni geridə qoyur. Başda ABŞ və Çin olmaqla, startaplara edilən investisiyalar 2011-ci ildə 1 milyard dollardan 2018-ci ildə 20 milyard dollara çatıb və sürətlə artmaqda davam edir.

Mənbə: OECD

“Google”, “Apple”, “Microsoft” kimi texnologiya nəhəglərinin investisiyaları isə 100 milyard dollarlarla ölçülür. Nəzərda saxlamaq lazımdır ki, texnologiyanın xəta nisbəti də iri addımlarla azalır. 2010-cu ildən bəri bəzi Sİ texnologiyalarının xəta nisbəti 28,5%-dən 2,5%-ə düşüb. Bu tendensiyanın davam edəcəyi halda yaxın gələcəkdə çox az səhv edən süni həkimlərin, sürücülərin, insan resursları mütəxəssislərinin, auditorların gündəlik həyatımıza daxil olması qaçılmazdır.

Şəkildə 1945-ci ildə istifadə olunan ENİAC kompyuteridir: 500 min dolara başa gəlib, 168 kvadrat metrlik bir otağa yerləşirdi və müqaisə etmək çətin olsa da, İphone 10-dan təqribən 200 milyon dəfə daha zəif idi.

Eyni inkişaf tempini süni intellekt texnologiyalarına tətbiq etsək, onun yaxin gələcəkdə nəyə qadir olacağını təsəvvür etmək belə çətindir və hər iki biznesmenə haqq qazandırmağa imkan verir. Hər halda bu yeni bir inqlab və insan həyatının dəfələrlə yaxşılaşması deməkdir. 

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi