Afroamerikalıların qətli - ABŞ-da "istefa" şüarı səslənməyən etiraz aksiyaları - ŞƏRH

Afroamerikalıların qətli - ABŞ-da "istefa" şüarı səslənməyən etiraz aksiyaları - ŞƏRH ABŞ dünyanın super dövlətidir, güclü ordusu və iqtisadiyyatı var. Ancaq Birləşmiş Ştatlar təkcə bu keyfiyyətləri ilə seçilmir, həm də güclü vətəndaş cəmiyyətinə malik və demokratik dəyərlərə əməl edən dövlətdir.
Analitika
2 İyun , 2020 17:45
Afroamerikalıların qətli - ABŞ-da istefa şüarı səslənməyən etiraz aksiyaları - ŞƏRH

ABŞ dünyanın super dövlətidir, güclü ordusu və iqtisadiyyatı var. Ancaq Birləşmiş Ştatlar təkcə bu keyfiyyətləri ilə seçilmir, həm də güclü vətəndaş cəmiyyətinə malik və demokratik dəyərlərə əməl edən dövlətdir.

Bu kimi xüsusiyyələtinə görə ABŞ-ı dünyada “ədalət və azadlıq simvolu” da sayırlar.

Mayın 25-də internetdə yayılan videoda Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı afroamerikalı şəxsin saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis əməkdaşı onun qoluna qandal vuraraq yerə yıxır və ardından dizini boynuna qoyur. Videoda Floydun nəfəs ala bilmədiyi, qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu olaydan qısa müddət sonra o, xəstəxanada ölüb.

Polis özbaşınalığına qarşı ABŞ-ın bir çox şəhərində etiraz aksiyası keçirilib. Davam edən etirazlara və qarışıqlıqlara görə Nyu-Yorkda daxil olmaqla ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub. Aksiyalar ölkənin 140 şəhərində keçirilir. 

Məhdudiyyətlərin vətəndaşların təhlükəsizliyi və əmlakının qorunması, habelə koronavirusun yayılmasının qarşısını alması məqsədilə tətbiq edildiyi bildirilir. Qadağa piyadaların şəhərin küçələrində hərəkətlərini, həm də avtomobil nəqliyyatında yerdəyişmələri ehtiva edir. Məhdudiyyətləri pozanları üç aya qədər həbs cəzası, həmçinin 500 ABŞ dolları məbləğində cərimə gözləyir.

Komendant saatının qadağaları xüsusi halda yanğınsöndürənlərə, polis əməkdaşlarına, tibb işçilərinə, bir sıra ərzaq mağazalarının və apteklərin əməkdaşlarına tətbiq olunmur.

ABŞ prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hokümətin bütün resurslarının səfərbərliyini elan edib: “Linkolnun (Respublikaçılar Partiyasından 1854-1864-cü illərdə ABŞ prezidenti Avraam Linkolnu nəzərdə tutur- S.İ.) və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qaldı. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır. Günahsız insanların qətli insanlığa və Allaha qarşı cinayətdir. Bütün Amerika ağrını hiss edir və Corc Floydun amansız ölümünə qəzəblənib. Administrasiya tamamilə ədalətin qalib gəlməsinə sadiqdir. Ancaq biz qəzəbli kütlənin dinc etiraz aksiyalarına mane olmasına və dayandırmasına icazə verməyəcəyik”.

Ötən gün məlum olub ki, Corc Floyd polis tərəfindən tutulan zaman kardiopulmonar şok (ürəyin və nəfəsalmanın dayanması) nəticəsində ölüb. Onun qanında sintetik fentanil intoksikasiya izləri aşkar edilib, eləcə də Floydun narkotik maddə metamfetamindən istifadə etdiyi müəyyənləşib. Məhkəmə tibb ekspertləri hesab edirlər ki, 46 yaşlı afroamerikalı öldürülüb.

Düzdür, hadisəni törədən polis zabiti həbs edilib, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. Polis əməkdaşları baş verən hadisəyə görə üzr istəyiblər. Ancaq etirazlar dayanmır.

Bu, ABŞ-da afroamerikalılara qarşı törədilən ilk hadisədir? Azadlıq və ədalət simvolunda niyə bu hadisələr baş verir? Bu adi kriminal hadisədir? Niyə afroamerikalılara qarşı polis əməkdaşları dözümsüzdür? Bunun cari ilin noyabrın 3-də keçiriləcək prezident seçkisi ilə əlaqəsi varmı? Demokratlar bu hadisədən respublikaçılara qarşı istifadə edirmi? Etiraz nümayişləri təşkil olunur, yoxsa spontan keçirilir? Rusiya ABŞ-ı qarışdıra bilərmi? Afroamerikalılar tarixdə baş vermiş hadisələrdən sui-istifadə etmirmi?

ABŞ-da uzun illər irqçilik siyasəti yürüdüldüyü və vətəndaşlar arasında qoyulan ayrı-seçkiliyə qarşı mübarizə aparıldığı tarixdən məlumdur. Odur ki, çox əvvələ getməyəcəyik. Son 5 ildə ölkədə baş vermiş oxşar hadisələrdən bir neçəsini yada salacağıq.

2015-ci ilin aprelində ABŞ-ın Baltimor şəhərində 25 yaşlı Freddi Qrey adlı afroamarikalı polis tərəfindən öldürülüb. Onda baş prokuror Merilin Mosbi bildirmişdi ki, tibbi ekspertiza F.Qreyin polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib. O, gəncin həbsində iştirak edən 6 polis zabitinə qarşı cinayət ittihamları irəli sürüldüyünü də bildirmişdi. Polis zabitlərinə qarşı qeyri-iradi adam öldürmə, ikinci dərəcəli hücum, idarədə kobud rəftar və yanlış həbsetmə ittihamı irəli sürülmüşdü.

Mosbinin sözlərinə görə, Qreyin üzərindən açılıb-bağlanan cib bıçağı aşkar olunub və onun bu bıçağı daşıması qanunidir.

Onda ABŞ prezidenti Barak Obama hadisəyə belə münasibət bildirmişdi: “Freddi Qreyin başına gələnlərlə bağlı həqiqətin üzə çıxması çox mühümdir”.

Ancaq Baltimor meri Stefani Roulinqs-Bleyk polislərə qarşı irəli sürülən ittihamların ona çox pis təsir etdiyini və həbs olunan bütün polis zabitlərinin azad olunması göstərişi vermişdi.

Barak Obama
Barak Obama

Onda da ölkədə etiraz aksiyaları keçirilmiş, dinc aksiya iştirakçıları ədalət tələb etmişdi.

Təkcə 2015-ci ildə ABŞ-da polisin açdığı atəş nəticəsində mindən çox amerikalı həyatını itirib. Öldürülənlərin çoxu afroamerikalı olub. Həmin dövrdə Ağ evə rəhbərlik edən Barak Obama hadisələrə belə münasibət bildirmişdi: “Bu təkcə qara-ağ məsələsi deyil. Bu məsələ Amerikaya aiddir və hamımız ona diqqət yetirməliyik. Bütün insaflı insanlar belə hadisələrdən narahat olmalıdır”.

2016-cı ilin iyulunda Amerika polisi 2 gündə iki afroameriaklını qətlə yetirdi. Vaşinqton, Los-Anceles, Çikaqo və Nyu-York kimi böyük şəhərlərdə minlərlə vətəndaş küçəyə çıxaraq polisin irqi ayrı-seçkiliyinə qarşı öz etirazlarını bildirdilər. Onlar hakimiyyətdən polisin irqi ayrı-seçkiliyinə reaksiya verməsinin tələb etdilər. Etirazçılar “Qaradərililərin həyatını ciddiyə alın, qaradərililərin həyatının dəyəri vardır!” şüarını irəli sürmüşdü.

Onda 32 yaşlı afroamerikalı çırağının sınmasına görə avtomobilini dayandırdıqdan sonra polis ondan sürücülük vəsiqəsini tələb edib. O, sənədlərini çıxardığı zaman polis odlu silahdan atəş açaraq gənci qətlə yetirmişdi.

Həmin ilin sentyabrında Şimali Karolina ştatının sakinləri daha bir qaradərilinin polis tərəfindən öldürülməsinə qarşı etiraz aksiyası keçirmişdilər.

Şarlott şəhərinin şimal-şərqində, polis əməkdaşlarının şübhəli şəxsi axtaran zaman baş verib. Polislər şəxsi avtomobilinə minən afroamerikalıya xəbərdarlıq etmədən atəş açıblar. Nəticədə o, ağır yaralanıb.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Öldürülmüş şəxs afroamerika əsilli, 43 yaşlı Lamont Skottdur. Lamont da polis əməkdaşıdır. Ailəsi bildirib ki, Skott övladını məktəbdən gətirməyə gedibmiş. Bu hadisədən sonra sakinlər Lamont Skottun polis tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq kütləvi aksiya keçiriblər. Onlar mərkəzi magistralı bağlayıblar.

ABŞ-ın Şarlott şəhərində fövqəladə vәziyyәt rejimi elan edilmişdi.
Göründüyü kimi Corc Floydun qətli ilk hadisə deyil. Bundan sonra yeni belə olayların baş verməyəciyi gözlənilmir.

Bunları adi kriminal hadisə adlandırmaq da sadəlövlük olardı. Heç şübhəsiz, həmişə öldürən günahkar olmur. “Günah öləndədir” deyimi ilə məsələyə yanaşsaq, onda qətllərin hamısnda polis əməkdaşlarına haqq qazandırmış olarıq. Bu isə görünməyən izlərin ört-basdır olunmasına şərait yaradar.

Belə ehtimal etmək olar ki, ABŞ polisində və başqa dövlət strukturlarında irqçilik ovqatı qalır. Afroamerikalılara qarşı diskriminasiya düşüncəsi hələ məhv olmayıb. Onu yaşadanlar var. Təəssüf ki, belələri polis təşkilatında da fəaliyyət göstərir. Maykl Broun, Freddi Qrey, Tamir Rays, Erik Qarner, Akay Qurlen, Lamont Skott, Corc Floyd və başqalarının qətli bunu təsdiqləyir.

Deməli, azadlıq və ədalət simvolunun bu sahədə ciddi problemi var. Polisdə afroamerikalılara qarşı nifrət və kin bəsləyənlər var. Bəs cəmiyyətin bu təbəqəsi ölkə qanunlarına əməl edir? Onlar əvvəllər baş vermiş genişmiqyaslı diskriminasiya siyasətindən indi sui-istifadə etməyə cəhd göstərirlər. Bu baxımdan qanunun tələblərinə cavab isə bir sıra hallarda irqi ayrı-seçkilik kimi də qiymətləndirilir.

Bu baxımdan hadisəni ABŞ üçün səciyyəvi saymaq ədalətsizlik olar.

Yuxarıda qeyd etdiyimiz 3 hadisə ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində və seçki ilə baş verib.

Ştatlarda sonuncu prezidenti seçkisi 2016-cı ilin noyabrında keçirilib. Növbəti belə siyasi kampaniya cari il noyabrın 3-də olacaq.

Corc Floyd bu ilki seçkiqabağı kampaniyada qətlə yetirilib. Heç bir aksiya spontan, qəflətən və başıpozuq keçirilmir. Bütün etiraz nümayişləri planlaşdırılır, onların şüar və tələblər hazırlanır. Ölkədə siyasi rəqiblər bu kimi hadisələrdən bir-birinə qarşı istifadə edirlər. 2016-cı ildəki etiraz aksiyaları respublikaçıların, indiki yürüşləri isə demokratların təşkil etidiyini ehtimal etmək olar.

Düzdür, bu tədbirlərdə vətəndaş cəmiyyəti aparıcı olur. Ancaq bir-birinə rəqib olan bu iki siyasi təşkilatın belə bir vəziyyətdən yararlanmaq istəməməsi real görünmür.

Son illər qərb ölkələrindəki seçkilərə və etiraz aksiyalarına Rusiyanın müdaxiləsi ilə bağlı məlumatlar yayılır. Bəzi mənbələr bildirir ki, son etiraz aksyasında Rusiyanın izini axtarırlar. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisindən sonra bu şübhə həqiqət olaraq yayıldı.

Rusiya ABŞ-ı qarışdıra bilərmi? 2018-ci ildə Donad Tramp ABŞ xüsusi xidmət orqanlarının “2016-cı il seçkisinə Rusiyanın müdaxilə etdiyi” haqda olan nəticələrini qəbul etdiyini söyləmişdi.

Tramp gələcək seçkiləri belə müdaxilədən qorumaq üçün tədbirlər görəcəyinə söz vermişdi. Cari ilin aprelində ABŞ Senatının komissiyası Rusiyanın 2016-cı il prezident seçkisin müdaxiləsini təsdiqləyib.

Həmin sənəddə bildirilib ki, ABŞ kəşfiyyatı Moskvanın Donald Trampı prezident görmək istədiyini müəyyən edib. Elə buna görə də Kreml demokratlar Partoyasının namizədi Hillari Klintonun nüfuzuna zərbə vurmağa cəhd göstərib. “Rusiya prezidenti Vladimir Putin kampaniyaya Kremlin müdaxiləsini bəyənib və müəyyən mənada rəhbərlik edib”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son etiraz aksiyalarında Moskvanın adının hallanmasına münasibət bildirərək deyib: “Çox oynadınız, reallığa qayıdın”.

ABŞ prezidentinin Milli təhlüksizlik məsələləri üzrə keçmiş müşaviri Süzan Rays ölkəsindəki etiraz aksiyalarında baş verən zorakılıq hallarının arxasında Rusiyanın dayandığını bildirmişdi.

Zaxarovanın sözlərinə görə, bu, yalan və böhtandır.

Beləliklə, son etiraz aksiyaları bir neçə məsələyə aydınlıq gətirməyə yardım etdi. Pandemiyaya qarşı tətbiq olunan karantin rejimində ABŞ əhalisi etiraz aksiyası keçirməklə özünü ifadə azadlığının qarşısının alınmaz olduğunu sübut etdilər. Floydun qətlinə qarşı keçirilən aksiyalar ABŞ-da cəmiyyətin pandemiya dövründə toplanıb, qalan etiraz enerjisinin də çıxmasına yardım edib. Nümayiş və mitinqlər ölkədə irqçilik düşüncəsi daşıyıcılarının dövlət qurumlarında, polis təşkilatında qaldığı bir daha təsdiqləndi. ABŞ cəmiyyəti bu aksiyalar vasitəsilə irqi ayrı-seçkiliyə qarşı birlik nümayiş etdirdi. Seçki kampaniyasında bir-birinə rəqib olanların hadisələrdən istifadə etməsi ehtimalı inkar edilmədi.

Koronavirus və son hadisələr ABŞ-ın indiki prezidenti Donald Trampın reytinqini də azaltmayıb. BBC-nin apardığı araşdırmaya əsasən, son 3 ayda ABŞ-da 100 mindən çox insan pandemiyanın qurbanı olub. Bu, ABŞ-da 4 il davam etmiş vətəndaş müharibəsində ölənlərin 1/6-i, İkinci Dünya müharibəsində həlak olan amerikalıların 1/4-i qədər itkidir. Qurbanların sayı 20 ilədək davam etmiş Vyetnam müharibəsində ölən ABŞ hərbçilərinin sayından təxminən 2 dəfə çoxdur. Ancaq bütün bunlara baxmayaraq Donald Trampın reytinqi 49 faizədək yüksəlib. Bu, onun prezidentliyi dövründə maksimum göstərici sayılır. Ona görə də bu göstərici ABŞ-da baş verən son aksiyalar fonunda Donald Trampın yenidən prezident seçilmə şansını qaldığını ehtimal etməyə əsas verir.

Qeyd edək ki, 2015 və 2016-cı illərdə baş vermiş oxşar hadisələr zamanı Demokratlar Partiyasından olan Barak Obama ölkə prezidenti idi. 2016-cı ildə keçirilən prezidenti seçkisində bu partiyanın namizədi keçmiş dövlət katibi Hillari Klinton olmuşdu. Keçmiş dövlət katibinin prezident seçilməməsində etiraz aksiyalarının rol oynadığı istisna olunmur. Bu baxımdan Donad Trampın vəziyyəti necə olacaq? Yaranmış vəziyyət, etiraz aksiyaları Donald Trampın hakimiyyətinə son qoyacaq? Hələlik onun reytinqi yüksəkdir. ABŞ-da etiraz aksiyalarının prezidenti istefaya göndərməsi hadisəsi olmayıb. Donald Tramp ABŞ tarixində ilk biznesmen prezidentdir. Bu baxımdan aksiyalar böyüsə, onun vaxtında daha bir ilk hadisə ola bilər. Bu, demokratik yol sayılsa da, ABŞ üçün xarakterik sayılmır. Oradakı hakimiyyət bir neçə etiraz aksiyası ilə dəyişməz. Heç Ağ evin indiki yiyəsinin belə bir qorxusu da yoxdur. Bu hadisələr səsverməyə təsir göstərə bilər. Səsverməyə, seçkiyə isə 5 ay qalır...

Son xəbərlər

Orphus sistemi