Yuxarı

Azərbaycan üzgüçülük yığmasının baş məşqçisi: "Avropa Oyunlarında finala düşmək olimpiadaya lisenziya qazanmaq deməkdir" - MÜSAHİBƏ

Perspektivli idmançılar dəvət edib onları hazırlamışıq

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın üzgüçülük üzrə yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanovun "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar "Report"a müsahibəsi:

- Avropa Oyunlarına hazırlıq necə gedir?

- Hazırlıq çox yüksək səviyyədə gedir. Sizi inandırım ki, hələ Azərbaycanda bu günə qədər heç bir yarışa belə hazırlıq olmayıb. Mən sırf öz idman növümüzü nəzərdə tuturam. Avqustdan bu uşaqlar ev üzü görmürlər. Mingəçevirdə, Moldovada, yenidən Mingəçevirdə təlim-məşq toplanışında olduq. Sonra İssık-Kula yollandıq. Dəniz səviyyəsindən 1600 metr hündürlükdə hipoksiya məşqinə qaxldıq və 21 gün orada olduq. Daha sonra Almaniyanın paytaxtı Berlinə yola düşdük. Burada yarışda iştirak etdikdən sonra yenidən Mingəçevirə qayıtdıq.

- Bu toplanışların hamısı sırf Avropa Oyunları üçün nəzərdə tutulub?

- Bəli, hamısı Oyunlara hazırlıq üçündür. Mingəçevirdən sonra Slovakiyaya səfər etdik. 18 gün orada qaldıqdan sonra Praqaya getdik və indi isə Şirvanda hazırlaşırıq. Bütün diqqətimizi bu işə yönəltmişik. Çox yüksək səviyyədə şərait yaradılıb. Buna görə gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyevə təşəkkür edirəm. Onlar ürəklə bu işi gördülər və hər bir istəyimizi yerinə yetirdilər. Bizim toplanış planımız yerinə yetirilib.

- Oyunların başlanmasına bir aydan az vaxt qalıb. Qalan müddətdə hansı işlər görüləcək?

- Bu müddətdə Şirvanda olacağıq. Başqa yerə getmək olmaz. Çünki Azərbaycanın iqliminə öyrəşmək lazımdır. Bu iqlim şəraitində də biz startımızı edəcəyik.

- Azərbaycan neçə üzgüçü ilə təmsil olunacaq?

- 6 oğlan və 3 qız olacaq.

- Həmin idmançıların adlarını açıqlaya bilərsiniz?

- Bəli. Oğlanlardan Kamran Cəfərov, Murad Ayxan, Vivanjil Andreana, Anton Tukov, Qriqori Kalminski, Fazi Kajdoriya, qızlardan isə Alsu Bayramova, Yuliya və Anna Mançinkova iştirak edəcək.

- Həm oğlan, həm də qızlarda legioner idmançılar üstünlük təşkil edir...

- Legioner idmançılar var. Amma o demək deyil ki, onlar hazır idmançılardır. 2 ildir ki, Azərbaycana gəliblər və burada nəticələrini artırmağa başlayıblar. Yəni, hazır nəticəli idmançılar götürməmişik. Bizdə problem həddi buluğa çatmamaqla bağlıdır. Perspektivli idmançılar dəvət edib onları hazırlamışıq.

- Medal şanslarını necə dəyərləndirirsiniz?

- Əsas məqsədimiz odur ki, Avropada 8-ci olaq. Bu da Azərbaycan üzgüçülüyü üçün böyük hadisə olardı. Avropa Oyunlarında finala düşmək elə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi