"Tour d'Azerbaidjan-2015" yürüşünün marşrutu dəyişdiriləcək

"Tour d'Azerbaidjan-2015" yürüşünün marşrutu dəyişdiriləcək Velosipedçilərin Avropa Oyunlarına ev sahibliyi edəcək Mingəçevirdən də keçmələri nəzərdə tutulub
Avropa Oyunları
7 Noyabr , 2014 12:16
Bakı. 7 noyabr. REPORT.AZ/ Velosiped üzrə “Tour d'Azerbaidjan-2015” veloyürüşünün tarixi açıqlanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ənənəvi yürüşə gələn il mayın 6-da start veriləcək. 

5 gün davam edəcək yürüş mayın 10-da – Heydər Əliyevin doğum günündə yekunlaşacaq. Veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Bu dəfə 4-cü mərhələnin Qəbələ-Ağdaş - Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Avropa Oyunlarının kayak və kanoe üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan AVİF bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir.

“Tour d'Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şose üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq. Ötən ay ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında Bakı-2015-in dağ velosiped idmanı (Mountain bike) üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin martında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şose üzrə sınaq yarışının isə mayın 10-da Bakıda keçirilməsi nəzərdə tutulur. Bu ilin mayında keçirilən “Tour d'Azerbaidjan-2014” veloyürüşü başa çatdıqdan sonra Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien AVİF prezidenti Fazil Məmmədova ünvanladığı təşəkkür məktubunda paytaxt Bakının tarixilik, müasirlik və gözəlliyini özündə əks etdirən sonuncu mərhələsini xüsusi olaraq vurğulayıb və bu marşrutun Bakı-2015 ilk Avropa Oyunları üçün ideal variant olduğunu bildirib.

“Tour d'Azerbaidjan-2015”i əvvəlki yarışlardan fərqləndirən cəhətlərdən biri də odur ki, budəfəki veloyürüşdə iştirakçılar həm Avropa Oyunlarının velosiped yarışlarına, həm də 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi