Yuxarı

Saymon Kleqq: "Bugünkü yarışlara 40 minə yaxın tamaşaçının gələcəyini gözləyirik"

Dünən 48 811 tamaşaçı yarışları izləyib

Bakı. 22 iyun. REPORT.AZ/ "Dünən "Bakı 2015" çərçivəsində keçirilən oyunlar çox gözəl yarışlar oldu. 22 min tamaşaçı atletika üzrə yarışları izləmək üçün Olimpiya Stadionuna gəlmişdi". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 22-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, dünən velosiped üzrə yarışlar keçirildiyindən Bakıda yollar bağlı olub: "Bu, müəyyən çətinliklər yaratsa da, dünyaya gözəl təsvirlər yayıldı. Bundan başqa, dünən Su idman arenasında yarışlar başa çatdı. Dünən toplam 48 811 tamaşaçı yarışları izləyib. 10 müxtəlif idman növü üzrə 11 yarış keçirildi. "Crystal hall" və Su idman arenasında ən çox tamaşaçı kütləsi müşahidə olundu".

S.Kleqq qeyd edib ki, bəzi idman növləri üzrə əlavə biletlər satışa çıxarılmışdı.

Onun sözlərinə görə, bu gün Bakını 304 idmançı və rəsmi şəxs tərk edəcək: "Ümumilikdə 1 288 nəfər bu günlərdə Azərbaycanı tərk edəcək. Məşəl qoruyucuları öz işlərini yüksək səviyyədə təşkil edirlər. Nəqliyyat işləri normal gedir. 90 faiz idmançılar vaxtı vaxtında məkana çatırlar".

S.Kleqq bildirib ki, 1100-dən çox idmançı medal sahibi olub: "Qazanılan medalların sayına görə Azərbaycan 2-ci yerdədir. Bugünkü yarışlara 40 minə yaxın tamaşaçının gələcəyini gözləyirik. Bakı bu gün küləkli şəhər adını tam doğruldacaq, lakin bunun yarışlar üçün o qədər də çətinlik törədəciyinə inanmırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi