Sahib Ələkbərov: "Velosipedçilərimiz ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər" - MÜSAHİBƏ

Sahib Ələkbərov: "Velosipedçilərimiz ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər" - MÜSAHİBƏ "Gəlin baxaq, görək bu obyektlər harada inşa olunub?"
Avropa Oyunları
11 Aprel , 2015 15:22
Sahib Ələkbərov: Velosipedçilərimiz ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər - MÜSAHİBƏ

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar "Report"a müsahibəsi

- Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqlar necə gedir?

- Avropa Oyunlarında velosiped idmanının 3 növü - şosse, dağ velosipedi və BMX üzrə yarışlar keçiriləcək. Şosse yarışının özü də iki yerə bölünür - qrup və fərdi ötüşmə. Hazırlıq prosesini 2 yerə bölərdim. Biri lazımi infrastrukturun yaradılması, idman obyektlərinin tikintisi, digəri isə idmançıların hazırlığı və onlar üçün şəraitin yaradılmasıdır. İnfrastruktura gəlincə, şosse yarışlarının keçirilməsi üçün Bakıda çox gözəl imkanlar var. Burada 2013 və 2014-cü illərdə "Tour d‘Azerbaidjan" beynəlxalq veloyürüşü keçirilib. Yəni həmin marşrut sınaqdan çıxarılıb, öyrənilib və bəyənilib. Mayda keçiriləcək "Tour d‘Azerbaidjan" yarışının sonuncu, 5-ci mərhələsi tamamilə Avropa Oyunlarının marşrutu ilə üst-üstə düşür və Avropa Oyunları üçün bir növ sınaq xarakteri daşıyacaq. Start və finiş xətti "Azadlıq" meydanında olacaq. Velosipedçilər paytaxtımızın mərkəzi küçələri ilə dövrə vuracaq, İçəri Şəhərdən keçəcəklər. Çox maraqlı marşrutdur. Düşünürəm ki, həm idmançıların, həm də tamaşaçıların xoşuna gələcək. Fərdi ötüşmə üzrə yarışlar isə Bilgəhdə keçiriləcək. Ora da Avropa Oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətdədir.

- Dağ velosipedi və BMX yarışları üçün hazırlıq nə yerdədir?

- Dağ velosipedi üzrə yarışlar Xocahəsən gölünün yaxınlığındakı ərazidə, Stend Atıcılığı İdman Mərkəzinin yaxınlığında salınmış Dağ velosipedi parkında təşkil ediləcək. 2014-cü il oktyabrın 18-də həmin yerdə Avropa Oyunlarına sınaq xarakterli beynəlxalq yarış keçirildi. Həm idmançıların, həm də beynəlxalq qurumların nümayəndələrinin ümumi rəyi belə oldu ki, park Oyunlara hazırdır. Olimpiya standartlarına uyğun olan BMX stadionunun da tikintisi başa çatmaq üzrədir. Bu, Şıx çimərliyi ilə üzbəüz ərazidə salınmış çox unikal bir idman qurğusudur və yaxın qonşu ölkələrin heç birində bu cür stadion yoxdur. Bu günlərdə ABŞ-dan gəlmiş BMX üzrə mütəxəssislər stadionu sınaqdan keçirdilər və onların da verdikləri qiymət çox yüksəkdir.

- Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşibmi?

- Hər 3 yarış üçün iştirakçılarımızın say tərkibi müəyyənləşib. Azərbaycanı Avropa Oyunlarında ümumilikdə 9 velosipedçi təmsil edəcək. Təəssüflər olsun ki, BMX növündə idmançımız yoxdur. Çünki bu, hələ Azərbaycanda olmayan yeni idman növüdür. Şosse növündəki kişi idmançılarımız "Synergy Baku"nun tərkibində yarışırlar. Onlardan hansının Avropa Oyunlarında iştirak edəcəyini indidən demək istəməzdim, çünki bu, yarış ərəfəsində müəyyənləşəcək. Ehtiyat qüvvəmiz kifayət qədərdir və onlar fevraldan başlamaqla "Synergy Baku"nun tərkibində beynəlxalq yarışlarda iştirak edərək yaxşı nəticələr göstərirlər. Qadınların yarışında iştirakı planlaşdırılan Yelena Pavluxinanın yaxşı hazırlıq keçməsi üçün Sloveniyanın "Lyublyana" komandası ilə danışıqlar apardıq və razılığa gəldik ki, bizim idmançı onların komandasının tərkibində yarışlarda iştirak etsin. Dağ velosipedi üzrə yığma komandamızın üzvləri hazırda Sloveniyada təlim-məşq toplanışındadır və Avropada keçirilən yarışlarda iştirak edirlər. Bu günlərdə Aqşin İsmayılov çox nüfuzlu bir yarışda 13-cü yeri tutdu. Dağ velosipedinin inkişafına ötən ildən başladığımızı nəzərə alsaq, bunu yaxşı nəticə kimi qəbul etmək olar. Düşünürəm ki, bizim idmançılarımız ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər.

- Yəqin ki, Avropa Oyunlarında idmançılarımızdan medal gözləmək hələ tez olar...

- Oyunlara qatılan hər bir idmançı medala köklənməli, özünü medala hazırlamalıdır - məqsədlərdən biri də budur. Amma bu idmandır və hər şey ola bilər. Əsas məsələ ölkəni şərəflə təmsil etməkdir. Velosiped idmanı komanda şəklində olan bir növdür. Burada ölkəni təmsil etmək, tanıtmaq, imicini qaldırmaq heç də medal almaqdan geri qalmayan bir vəzifədir. Məsələn, "Synergy Baku"nun marşrutlarına baxaq: Avropa, Avstraliya, Malayziya, Tayvan, Çin... Artıq 3 ildir ki, onlar bu marşrutlarla hərəkət edir, velosipedlə min km-lərlə məsafə qət edirlər. Köynəklərinin üzərində Bakı, Azərbaycan yazılan komanda üzvləri neçə-neçə şəhərdən, kənddən keçirlər. Bu, Azərbaycanı tanıtmaq üçün çox gözəl imkandır. Çünki milyonlarla adam bu yarışları həm televiziya vasitəsilə, həm də yol kənarlarında izləyir.

- Qrup ötüşmələrində "Synergy Baku"nun üzvləri iştirak edəcək?

- Təbii. Onlar indi Sloveniyada hazırlaşırlar və komandanın bazası orada yerləşir. 2015-ci il heyətinin təqdimat mərasimini paytaxt Lyublyanada, şəhərin simvolu sayılan Şəhər Qalasında keçirdik. Tədbirdə Sloveniya parlamentinin sədri, ölkənin Milli Olimpiya Komitəsinin və idman nazirliyinin rəhbərləri də iştirak etdi. Sloveniyanı niyə seçdik? Çünki həm çox gözəl yolları var, həm də yarışların keçirildiyi Avropa ölkələrinə yaxındır. Bunlar bizim komandamızın gələcəyi üçün çox vacib amildir.

- Velosiped idmanı həm də ekoloji sağlamlıq deməkdir. Bu baxımdan hansı işləri görürsünüz?

- Həqiqətən də velosiped yalnız idman aləti deyil, həm də ekoloji bir nəqliyyat vasitəsidir. Bu idmanla daha çox şəhər mərkəzindən kənarda, təmiz havada məşğul olurlar. Digər tərəfdən, Avropa Oyunları üçün tikilən idman obyektləri yalnız idman yarışları üçün deyil, onlar həm də Bakımızın gözəlləşməsinə xidmət edir. Ölkə başçısı cənab İlham Əliyevin göstərişləri belədir ki, Avropa Oyunları təkcə Azərbaycanın idman şöhrətini yox, həm də imicini artırmağa xidmət etməlidir. Gəlin baxaq, görək bu obyektlər harada inşa olunub? BMX üçün hazırlanan Veloparkın yerində vaxtilə daş karxanası olmuşdu. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev bu ərazidə park salmağa qərar vermiş və özü də orada ağac əkmişdi. Bu günədək də onun əkdiyi ağaclar həmin parkda qalır. İndi həmin ərazi gözəl bir guşəni xatırladır. Yaxud 20-ci sahədə tikilən İdman Şəhərciyi. Həmin yerdəki Su İdman növləri Kompleksinin ətrafına baxın. 3-4 il əvvəl oralar hansı vəziyyətdə idi? Əvvəllər neft tullantıları çirkab suları ilə çirklənmiş bu əraziyə üfunət iyindən girmək mümkün deyildi. Bu gün isə oralar tam təmizlənib və gözəl istirahət, idman guşəsi yaradılıb. Ən böyük obyektimiz - Açılış və Bağlanış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionun da tikildiyi ərazinin bir neçə il əvvəlki vəziyyətini bakılılar yaxşı xatırlayırlar. Bunlar hamısı xalqımıza, onun gələcəyinə hesablanmış, paytaxtın ekoloji durumunun yaxşılaşdırılmasına xidmət edən, Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini sübut edən məsələlərdir.

Son xəbərlər

Orphus sistemi