​Sabina Zaytseva: "Hazırda Avropa Oyunları mənim üçün hər şeydir"

​Sabina Zaytseva: "Hazırda Avropa Oyunları mənim üçün hər şeydir" "Bu oyunların əhəmiyyəti barədə düşünmədiyim bir an belə yoxdur"
Avropa Oyunları
23 Fevral , 2015 18:00
​Sabina Zaytseva: Hazırda Avropa Oyunları mənim üçün hər şeydir

Bakı. 23 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarında təmsil olunacaq batut gimnastikası üzrə mümkün iştirakçılardan biri Sabina Zaytseva Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. "Report" müsahibəni təqdim edir.

- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- İlk öncə bədii gimnastika seçilmişdi, lakin qardaşımın doğulması ilə əlaqədar olaraq məni uzağa aparıb gətirmək çətinləşdi və evə yaxınlıqda bir yer seçildi. Bu isə batut üzrə məktəb oldu.

- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdiniz?

- Nənəmin bacısı doğum tarixi və günləri əsasında insan taleyini öncədən görə bilirdi. Məhz elə o məni idmana aparmaq fikrini anama bildirmişdi. Belə söyləmişdi: "Bu qız idmançı olmalıdır. Onun doğum tarixi olimpiya tarixidir”. Buna görə də düşünürəm ki, məndə başqa idman növlərində də alınardı (gülür).

- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

- Düzünü desəm, çox çətinliklə. Böyük təcrübəmə baxmayaraq, hər dəfə ilk gündə olduğu kimi həyəcanlanıram. Sirlərim yoxdur, hər dəfə batutda bunu düşünürəm – "Nə olmalıdırsa, o da olacaq, nə olmalı deyilsə, o da olmayacaq”.

- Fikrinizcə, hər hansı idman növündə vacib olan nədir?

- Xarakter. Onsuz mümkün deyil. Yalnız inadkar xarakterlə nəticə əldə etmək olar. Öz gücünə inanan, məqsədi olan və arzuladığı şeyləri əldə etmək istəyi olan insanlar, mütləq illərlə gözlədiklərini əldə edəcəklər. Əlbəttə, əməksevərlilik də lazımdır.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- Hər idman növü özünə görə təhlükəlidir. Batutu isə konkret olaraq təhlükəli hesab etmirəm. Sadəcə, uğursuz tullanışlar ola bilər.

- İdmanda kumiriniz var?

- Kumirim yoxdur, heyran olduğum tanınmış idmançılar var. Misal üçün, Belarusdan olan biatlonçu Domraçeva Darya diqqətdən kənar qala bilməz. Öz ölkənin qəhrəmanı olmaq baha başa gəlir.

- Bir az da yaxın gələcək üçün idman planlarınızdan danışın..

- Mən öncədən nəsə deməyi xoşlamıram. Dediyim kimi, nə olmalıdırsa, o da olacaq. Hazırda mənim başlıca məqsədim Avropa Oyunlarıdır. Sonra isə vəziyyətə baxacam. Əlbəttə, lisenziya xarakteri daşıyan dünya çempionatı da əhəmiyyətlidir.

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsınız?

- Hazırda Avropa Oyunları mənim üçün hər şeydir - yuxum, yeməyim, həyatımdır. Bu oyunların əhəmiyyəti barədə düşünmədiyim bir an belə yoxdur. Bütün şəhər, bütün ölkə bu oyunlara hazırlaşır. Mağazalarda, digər məkanlarda bizə uğurlar arzulayırlar. Mən artıq hiss edirəm ki, bütün xalq bizi necə dəstəkləyəcək.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədləriniz var?

- Əlbəttə, onsuz mümkün deyil. Təşkilatçılıq işini çox sevirəm. Ona görə də ciddi olaraq müxtəlif tədbirlərin təşkili ilə məşğul olacaq studiya qurmaq haqda fikirləşirəm.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsiniz?

- Mənim bütün həyatım idmanla bağlıdır. Bu, elə mənim adi həyatımdır. Onsuz həyatı təsəvvür edə bilmirəm. Amma adi həyatla idman fərqli anlamlardır və hər biri özünə görə gözəldir.

- Öz ailən haqda danışardın...

- Hər şey olduqca sadədir. Ailədə valideynlər həyatda lazım olacaq hər şeyi öz övladları üçün edirlər. Təəssüf ki, mənim valideynlərim ayrı yaşayır, lakin bu bizim bayramları bir yerdə keçirməyimizə mane olmur. Onlar mənim üçün qaladır.

- Sevdiyiniz şəxs var?

- Onsuz olmaz. O mənim ən yaxın adamım, ən yaxşı dostum, yardımçım və sevgim Aleksandırdır. Onunla mənim həyatımda elə hadisələr olur ki, onsuz mümkün olmazdı.

- Adətən, azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər?

- Bu barədə düşünməmişdim, düzünü desəm, çıxışa hazırlaşanda ətrafda baş verənləri nə görmürsən, nə də eşitmirsən.

- Onlara nə demək istərdiniz?

- Çox sağ olun ki, varsınız. Özünə güvən bəzən kor ola bilər, amma ətrafdakıların güvəni heç zaman.

Son xəbərlər

Orphus sistemi