Yuxarı

​Prezident İlham Əliyev: ​“Biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik” - ƏLAVƏ OLUNUB

“Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi”

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı 2015 I Avropa Oyunlarının məşəlinin alovlandırılma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. “Report”un xəbərinə görə, Prezident İlham Əliyev çıxışında I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə 2012-ci ilin dekabrında tarixi qərarın qəbul edildiyini xatırladıb: “Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır.

Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.

Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər geniş təcrübəsi var: “Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.

Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir.

Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.

Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.

Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram.

Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə ilk Avropa Oyunlarının artıq reallığa çevrildiyini söyləyib. Onun sözlərinə görə, “Bakı 2015” bütün Azərbaycanın böyük əməyi sayəsində baş tutacaq: “Qısa müddətdə görülən bu qədər işi heç çılğın arzularımızda da təsəvvür edə bilməzdik. Bakı isə bu ideyanı reallaşdırmaqla, böyük rekorda imza atdı”.

Daha sonra I Avropa Oyunlarının məşəli alovlandırılıb.

Məşəl məbəddən çölə çıxarılaraq, ilk məşəlçi kimi həndbol üzrə olimpiya çempionu Rəfiqə Şabanovaya təqdim olunub. Şabanova da öz növbəsində məşəllə qaçmağa başlayıb. Məşəl “Natiq” ritm qrupunun ifa etdiyi mahnı sədalarının və atəşfəşanlığın müşayiəti ilə ölkə boyunca səyahətə çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi