Yuxarı

​Poroşenko ilk Avropa Oyunlarının uğurla keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Ukrayna Prezidenti tədbirlərin çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edib

Bakı. 8 iyul. REPORT.AZ/ Ukrayna Prezidenti Pyotr Poroşenko rəsmi məktub göndərərək,"Bakı-2015" ilk Avropa Oyunlarının uğurla keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. "Report" Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı məktubda Azərbaycanın Birinci Avropa Oyunları çərçivəsindəki bütün tədbirlərin çox yüksək səviyyədə təşkil etdiyini qeyd edib. 

"Bu, ölkənin ən yüksək səviyyəli tədbirlərin, o cümlədən, Olimpiya Oyunlarının da keçirilməsinə hazır olduğunu və bunun öhdəsindən uğurla gələcəyini göstərir" deyə o bildirib.

Məktubda, həmçinin qeyd olunur ki, bu nəticələrə nail olmaq üçün Prezidentin rəhbərliyi altında hökumət və Oyunların Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq edərək, böyük işlər həyata keçirib.

Poroşenko ümidvar olduğunu bildirib ki, ilk Avropa Oyunları idman hərəkatı tarixində parlaq səhifə olacaq və Avropanın 50 ölkəsindən olan idmançıların həyatında dərin iz qoyacaq. Bu Oyunların bütün dünyadan qonaqpərvər və günəşli Azərbaycana gələn on minlərlə azarkeşin yaddaşlarından da uzun müddət silinməyəcəyi məktubda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi