Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib
Avropa Oyunları
27 Noyabr , 2014 12:21
Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Bakı. 27 noyabr. REPORT.AZ/ Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub.

"Report"un məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr edilmiş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının idmanın müxtəlif növlərinə aid əsərləri sərgilənib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletleri də təqdim edilib.

Tədbirin aparıcısı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycana olan beynəlxalq marağın göstəricisi adlandırıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri və digər tədbirlər haqda məlumatlar yer alır. Bildirilir ki, birinci Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Bu məqsədlə şəhərdə yeni arenalar inşa edilir, mövcud məkanlar yenilənərək oyunlara hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 65 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də oyunlara hazırlanır.

Fransanın şəhər, gənclər və idman naziri Tierri Brayar Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib: “Fransa da bu oyunlara böyük diqqət göstərir. Ölkələrimiz arasında idman sahəsində əlaqələr getdikcə genişlənir. Fransa bu oyunlarda yüksək səviyyədə təmsil olunacaq”.

Tədbirdə Fransa Milli Assambleyasının üzvü, ikiqat Olimpiya çempionu David Dövile də çıxış edib: “Avropa Oyunlarının keçirilməsi böyük zəhmət tələb edir və inanıram ki, təşkilat komitəsi öz işinin öhdəsindən layiqincə gələcək”. David Dövile humanizm, sülh və bu kimi ideyaları təbliğ edən Avropa Oyunlarının Azərbaycanın dünyadakı müsbət imicini daha da yaxşılaşdıracağını söyləyib.

Tədbirin sonunda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin skripkaçı xanımlardan ibarət qrupu konsert proqramı ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi