Yuxarı

Niyaməddin Paşayev: "Avropa Oyunlarında Azərbaycanı 8 taekvondoçu təmsil edəcək" - MÜSAHİBƏ

Bu idmandır və uğursuzluq olmalıdır

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin "Report"a müsahibəsi

- Artıq I Avropa Oyunlarına az vaxt qalıb. Oyunlara hazırlıq hansı mərhələdədir?

- Bu bizim idman bayramımız olacaq. I Avropa Oyunları ölkə üçün böyük bir tədbirdir. Biz də bu tədbirə yüksək səviyyədə hazırlaşırıq. Yarışlarda 8 idmançı - 4 oğlan və 4 qızla təmsil olunacağıq. Mayın 12-dən 17-dək komandamız Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Həmin yarışda 8 oğlan və 8 qızla təmsil olunacağıq. Bu yarışlarda yaxşı çıxış edən idmançımız Avropa Oyunlarında mübarizə aparacaq.

- Avropa Oyunları Azərbaycana nə qazandıracaq?

- Hansısa bir yerdə böyük idman yarışlarının keçirilməsi həmin ölkənin nüfuzundan xəbər verir. Ölkə olaraq Aropa Oyunlarını keçirməyə gücümüz var və yüksək səviyyədə hazırlaşmışıq.

- Oyunlarda taekvondo yarışlarına qoşulacaq ölkələr və idmançıların sayı dəqiqləşib?

- İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu yarışda Rio-2016-ya lisenziya da veriləcək. İlk altılıqda olan idmançılar Olimpiya oyunlarına lisenziya alacaqlar. Bakıda keçiriləcək Oyunlarda hər ölkədən 2 qız və 2 oğlan iştirak edəcək. Avropa Oyunlarında taekvondo üçün 16 yer var. Onlardan biri Azərbaycanındır, digərləri isə Dünya Taekvondo Federasiyasının reytinqinə əsasən müəyyən olunacaq. Yüksək nəticə əldə etmək üçün ciddi hazırlaşırıq. Üstəlik, Rio-2016-ya da xal toplamaq lazımdır.

- Taekvondo yarışları 4 gün davam edəcək və hər gün də medal təqdimatı mərasimi olacaq...

- Ümumilikdə 8 çəkidə mübarizə gedəcək. Bu çəkilərin 4-ü oğlanlara, 4-ü isə qızlara aiddir. Hər gün bir oğlan, bir qıza aid çəkidə döyüşlər gedəcək.

- İdmançılardan hansı nəticəni gözləyirsiniz?

- Demək olar bir ildir bu Oyunlara hazırlaşırıq. Komanda yüksək səviyyədə hazırlıq keçir. Mən heç bir idmançını bir-birindən ayırmaq istəmirəm. Ancaq bizi Avropa Oyunlarında Fəridə Əzizova, Radik İsayev, Ramil Əzizov kimi idmançılarımız təmsil edəcək. Bunlar bizim federasiyanın ən reytinqli idmançılarıdır, ona görə ad çəkdim.

- Oyunlarda çıxış edəcək 8 idmançının adları məlumdur?

- Hələ tam dəqiq deyil. Çünki 16 nəfərlə dünya çempionatına gedəcəyik. Orada daha yaxşı çıxış edən idmançılar Avropa Oyunlarında olacaq.

- İdman da qələbə olduğu kimi məğlubiyyət də olur. Birdən Bakıda məğlub olsanız, necə olacaq?

- Mən özüm 2004-cü ildə keçirilən Olimpiya oyunlarında iştirak etmişəm və məğlub olmuşam. Ancaq bu gün işimizi elə qururuq ki, bunların hamısını nəzərə alaq. Əlimizdən gəldiyi qədər hazırlıq görürük. Bu idmandır və uğursuzluq olmalıdır. Buna baxmayaraq, hər bir detala diqqət edirik.

- Azərbaycan Rusiyada keçirilən Olimpiya çəki dərəcələrində Avropa çempionatında 7 idmançı ilə təmsil olunub. Amma cəmi bir gümüş medal qazanılıb..

- Biz ora bəzi idmançılarımız aparmamışdıq. Bir tək Radik İsayev gümüş medal qazandı. İki idmançımızın zədəsi ucbatından döyüşü yarımçıq saxladıq. Çünki bizim üçün əsas hədəf dünya çempionatı və Avropa Oyunlarıdır. Rusiyadakı yarış o qədər də önəmli deyildi.

- Avropa Oyunlarında legioner idmançı ilə təmsil olunmağı düşünürsünüz?

- Hazırda komandada legioner idmançılar var. Hansı çəkilərdə ki, boşluqlar varsa, ora əcnəbi idmançı gətiririk.

- Boşluqlar hansı çəkilərdədir?

- Bizdə əsasən ağır çəkilərdə problemimiz olur. Oğlanlar və qızların ağır çəkilərində legionerlər çıxış edəcək.

- Hansısa xarici ölkədə və ya respublikada təlim-məşq toplanışı keçməyi düşünürsünüz?

- Komanda yanvardan sonra federasiyanın bazasında yerləşib. Hər hansı turnirə getdikdən sonra yenə buradakı oteldə qalırlar. İdmançıların məşqi üçün bütün şərait var. Həm qadın, həm də kişilərin toplanışları öz bazamızda keçirilir.

- Mövlud Mirəliyev 7 il sonra yenidən peşəkar idmana qayıdır. O, Avropa Oyunlarında samboda qələbə qazanmağa çalışacaq. Siz karyeranızı bitirdiyiniz zaman Bakıda bu cür turnirin keçiriləcəyini bilsəydiniz, yenə də eyni qərarı verərdiniz?

- Mövlud tanınmış, seçilmiş idmançılardan biridir və dostumuzdur. Onun iştirak etməsi normaldır. Mən 28 yaşımda idmandan ayrıldım. Təbii ki, öz istəyimlə yox, zədə səbəbindən ayrıldım. Amma Azərbaycanda, Bakıda sonuncu dəfə beynəlxalq yarışda çıxış edib, uğur qazanıb karyeranı başa vurmaq böyük bir şərəfdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi