Yuxarı
    Bağlamaq

    Naxçıvanda Alov festivalı keçirilib

    Naxçıvanda “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin gətirilməsi münasibətilə festival keçirilib

    Bakı. 27 aprel. REPORT.AZ/ Naxçıvanda “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə Alov festivalı keçirilib.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

    Alov festivalının rəmzi qapısında “Bakı-2015” birinci Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanova məşəli Naxçıvan Muxtar Respublikası voleybol yığmasının üzvü Xanım Xudadanovaya verdi. Buradan başlayaraq estafeti 11 naxçıvanlı məşəlçi davam etdirdi. Ümumilikdə 4,1 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar muxtar respublikanın çoxsaylı sakinlərinin alqış sədalarının müşayiəti ilə Cəlil Məmmədquluzadə küçəsindən keçərək Heydər Əliyev prospekti ilə Naxçıvan şəhərinin mərkəzi meydanına çatdırdılar. Voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev məşəli meydanda qurulmuş möhtəşəm səhnəyə qaldırdı.

    İdmançı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla birlikdə səhnədəki məşəli alovlandırdı və bununla da Naxçıvan şəhərində Alov festivalına start verildi.

    Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin ilk səyahətinə Azərbaycanın qədim yurdu olan Naxçıvandan başladığını qeyd edən Azad Cabbarov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır.

    Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Olimpiya İdman kompleksləri, Üzgüçülük, Şahmat, Stend və Sportinq Atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb. Bütün bunlar ölkəmizdə idmanın inkişafının göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.

    Azad Cabbarov dedi ki, bu ilin iyununda qitədə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, milli mədəniyyətimizin dünyada nümayiş olunmasına şərait yaradacaq.

    Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin naxçıvanlıları, o cümlədən muxtar respublika idmançılarını da çox sevindirdiyini bildirən nazir bu münasibətlə bütün idmançıları təbrik etdi, onlara Avropa Oyunlarında uğurlar arzuladı.

    Sonra səhnəyə çıxan Şərur Xalq Yallı Ansamblının kollektivinin ifası festival iştirakçılarının böyük marağına səbəb oldu.

    Festivalda aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

    Atəşfəşanlığın müşayiəti ilə nümayiş etdirilən Alov şousu festival iştirakçılarının sürəkli alqışları ilə qarşılandı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi