"Minsk 2019" II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olunub

"Minsk 2019" II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olunub Azad Rəhimov: "Maliyyə köməyindən söhbət gedə bilməz"
Avropa Oyunları
20 Oktyabr , 2017 17:46
Minsk 2019 II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Minsk 2019" II Avropa Oyunlarının Atletlər Kəndinə azərbaycanlı rəhbər təyin olunub.

Bu barədə "Report"a gənclər və idman naziri, "Minsk 2019"un Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov məlumat verib. 

A.Rəhimovun sözlərinə görə, bu, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsində çalışmış Samir Məmmədovdur.

S.Məmmədovun hazırda II Avropa Oyunlarının Təşkilat Komitəsində də çalışdığını deyən nazir belaruslu həmkarlarına digər məsələlərdə də kömək etdiklərini bildirib: "Biz çox dəstək olmuşuq. Bir neçə nümayəndə heyətini Bakıda qəbul etmişik. Həm onların Mədəniyyət Nazirliyinin, həm də qidalanma ilə bağlı şirkətlərinin əməkdaşları ilə görüşmüşük. Bizdən çoxlu sayda sənədlər xahiş etmişdilər və hamısı təqdim olunub. Mən Minskdə Koordinasiya Komissiyasının iclasında da məsləhətlərimi verdim. Biletlərlə bağlı proqramımızı açıqladım. Yəni onlar tərəfindən gələn bütün sifarişlərlə bağlı köməklik göstərir, lazımi sənədləri veririk. Bizimlə birgə işləmiş şirkətləri onlara təqdim etmişik. Kimisə istəyirlərsə, əməkdaşlıq edə bilərlər. "Bakı 2015" I Avropa Oyunlarında çalışmış Samir Məmmədov hazırda "Minsk-2019" Təşkilat Komitəsində çalışır, II Avropa Oyunlarının Atletlər Kəndinin rəhbəridir. Biz I Avropa Oyunları zamanı müxtəlif vəzifələrdə çalışmış təcrübəli gənclərimizi də təklif etdik. Xarici mütəxəssislərlə müqayisədə maaşları elə də yüksək olmadığından, onlarla işləmək daha əlverişlidir. Yəni tam şəkidə kömək edirik".

Bununla belə, nazir bildirib ki, maliyyə köməyindən söhbət gedə bilməz: "Heç kim qarşımızda belə bir məsələ qaldırmayıb".

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyun 2019-cu ildə təşkil olunacaq.   

Son xəbərlər

Orphus sistemi