Yuxarı
    Bağlamaq

    Kiyevin mərkəzində I Avropa Oyunlarına dəstək aksiyası keçirilib

    Aksiyada Bakı 2015ə həsr edilən plakatlar asılıb, Azərbaycan və Ukrayna bayraqları dalğalandırılıb

    Bakı. 12 iyun. REPORT.AZ/ Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) "Bakı 2015" I Avropa Oyunlarının açılışı ərəfəsində Kiyevdə beynəlxalq idman yarışına həsr olunan avtoyürüş təşkil edib. "Report" xəbər verir ki, üzərində "Bakı 2015" ilk Avropa Oyunlarının rəmzi əks olunan, Azərbaycan və Ukrayna bayraqları asılmış avtomobil karvanı Kiyevin bütün mərkəzi küçələri ilə hərəkət edib.

    Bundan başqa, UABD "Bakı 2015" I Avropa Oyunlarının təbliğat kampaniyası çərçivəsində təşkilatın təşəbbüsü və dəstəyi ilə "Bakı, gözlə bizi" adlı videoçarx hazırlanaraq sosial şəbəkələrdə yayılıb. Videoçarxda Ukraynanın qadın güləşçiləri Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeirini doğma dilimizdə səsləndiriblər.

    Kampaniya çərçivəsində UABD üzvləri və "Diaspora" TV-nin çəkiliş qrupu Ukraynanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların təlim-məşq toplanışını izləyərək videomateriallar hazırlayıb.

    "Bakı 2015" I Avropa Oyunlarının təbliği məqsədilə Kiyevin mərkəzi küçələrində təxminən 2000 ədəd broşür paylanılıb. Təşkilatın gənc fəalları şəhərin Müstəqillik meydanında insanları Avropa Oyunları barədə məlumatlandırıblar. Bundan əlavə, "Maydan"da "Bakı 2015"ə həsr edilmiş plakatlar asılıb, Azərbaycan və Ukrayna bayraqları dalğalandırılıb.

    UABD-nin sədri Hikmət Cavadov Avropa Oyunları ilə əlaqədar Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movçan, Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeriy Borzov, birinci Avropa Oyunlarında Ukrayna missiyasının rəhbəri Anna Skorina ilə görüşlər keçirib. Görüşlərdə ukraynalı idmançıların Bakıya səfəri və Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.

    UABD ukraynalı idmançılara dəstək məqsədilə fan-klub yaradıb və azarkeşlər təxminən 1000 ədəd Ukrayna bayrağı ilə təmin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi