Yuxarı
    Bağlamaq

    II Avropa Oyunları üçün idman qurğularının tam hazır olacağı vaxt açıqlanıb

    Minskdə Koordinasiya Komissiyasının iclası keçirilib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ “Minsk 2019” II Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulan idman qurğuları gələn ilin mayınadək hazır olmalıdır.

    "Report" xəbər verir ki, bunu Oyunların Əməliyyat Komitəsinin direktoru Georgi Katulin Avropa Olimpiya Komitələrinin (EOC) Koordinasiya Komissiyasının iclasında deyib.

    O bildirib ki, obyektlər 2019-cu il mayın 6-dək təhvil verilməlidir: “Artıq həmin məkanlarda çimərlik futbolu, cüdo və avarçəkmə idman növləri üzrə test turnirləri keçirilib və müsbət qiymət alıb. Lakin hər belə turnirdən sonra yaxşılaşdırılmasına ehtiyac duyulan məqamlar olur ki, hazırda bunların üzərində iş aparılır. Belarus prezidenti Aleksandr Lukaşenko ilə EOC-un rəhbəri Yanez Kotsiyançiç arasında baş tutan görüşdə II Avropa Oyunlarına hazırlıq müzakirə olundu. Hansı istiqamətə getdiyimizi bilirik. Əsas məsələ planları keyfiyyətli şəkildə həyata keçirməkdir".

    Koordinasiya Komissiyasının sədri Spiros Karpalos isə bildirib ki, əsas məsələ II Avropa Oyunlarına hazırlığın plana uyğun getməsinə əmin olmaq və təşkilatçı ölkəyə məsləhət xarakterli köməklik göstərməkdir.

    Komissiyanın iclasında EOC prezidentindən əlavə, Belarus baş nazirinin müavini İqor Petrişenko, idman və turizm naziri Sergey Kovalçuk və digər şəxslər iştirak edib.

    Qeyd edək ki, II Avropa Oyunları gələn il 21 – 30 iyunda Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. I Avropa Oyunları 12 - 26 iyun 2015-ci ildə Bakıda təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi