Yuxarı
    Bağlamaq

    Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib - VİDEO

    İlk Avropa Oyunlarının alovu söndürülüb

    I Avropa Oyunlarının bağlanış mərasimi yekunlaşıb. Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatıb.

    *** 23:10

    Hazırda səhnədə gənc britaniyalı müğənni Con Nyuman öz məşhur "Love Me Again" sinqlını ifa edir.

    *** 22:46

    Britaniyanın 2009-cu ildə yaradılan "Clean Bandit" qrupu öz məşhur ifalarını səsləndirib.

    *** 22:40

    Elektronika rəqs musiqisi prodüseri və dj. Qarnet Emeri səhnədə çıxış edib.

    *** 22:40

    I Avropa Oyunlarının alovu söndürülüb.

    *** 22:38

    Birinci Avropa Oyunlarının keçirildiyi 17 günün əsas məqamları stadionun ekranlarında nümayiş olunur.

    *** 22:20

    Bağlanış mərasimi davam edir. Mərasimin “Gəncliyin enerjisi” bölümündə yeni texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı adamlar - onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır. 500 nəfərdən artıq ifaçı arasında enerjili hip-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar var.

    *** 22:14

    İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki nitq söyləyib.

    M.Əliyeva əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayıb. O, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən fərəh hissi duyduğunu vurğulayıb: “Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi”.

    Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib

    Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayıb: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

    Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

    Atletlər, sağ olun!

    Dostlar, sağ olun!

    Azərbaycan, sağ ol!”

    Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib: “Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi. Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun”.

    Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üçün çox gözəl arenalar hazırlandığını vurğulayan AOK-un prezidenti qeyd edir ki, iş fəaliyyətinin dəqiqliyi qızıl medal standartına uyğundur. Yeni gənc qəhrəmanlardan ibarət komandanı gözəl könüllülər formalaşdırdı. Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

    Azərbaycanın və Avropa atletlərinin dünyaya möhtəşəm idman bayramı bəxş etdiyini bildirən Patrik Hikki deyir: “Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.

    Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.

    “Bakı-2015” ilk Avropa Oyunlarını minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə bağlı elan etdiyini bildirən Patrik Hikki nitqinə bu sözlərlə yekun vurur: “Sağ ol, Bakı! Sağ ol, Azərbaycan”.

    *** 21:52

    Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə “Bakı 2015” Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığı ifa edir. Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyub. Bu, 17 gün ərzində qəlbləri idman ustalığı, cəsarəti və sadiqliyi ilə fəth edən, 50 dövlətin təmsilçisi olan 6 000 atlet üçün bayram havasıdır.

    *** 21:24

    Açılış mərasiminin növbəti hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnib. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. “Qız qalası”nın divarları aralanır və tamaşaçının gözü qarşısında müasir memarlıq abidəsi “Alov qüllələri” canlanır. 

    *** 21:10

    Xor Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edib və Azərbaycan bayrağı yüksəldilib.

    ***21:06

    Şeypurun sədaları Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıb.

    ***

    Bakı. 28 iyun. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi başlayıb. “Report”un xəbərinə görə, mərasim “Five Currents” şirkətinin köməyi ilə əsaslı şəkildə planlaşdırılıb, Azərbaycan və 17 ölkəni təmsil edəcək 1 600 könüllünün çıxışını nümayiş etdirəcək.

    Bağlanış mərasiminin bədii direktoru Dimitris Papaioannou, mərasimlər üzrə heyətin rəhbəri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mərasimlər üzrə direktor Ketrin Uqvu, icraçı rejissor isə Skot Givensdir.

    Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Bolqarıstan prezidenti Rosen Plevneliyev, həmçinin digər əcnəbi rəsmilər iştirak edir.

    Foto: Orxan Əzim


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi