Yuxarı

​I Avropa Oyunlarını əlil və ya fiziki qüsurlu şəxslər də izləyə biləcək

Onlar üçün rahat oturacaq sahəsi ayrılacaq və ya təkərli kreslolar üçün məkanla təmin olunacaqlar

Bakı. 25 may. REPORT.AZ/ "Bakı 2015" IAvropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilir ki, idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilmişdi: "Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək. Hamı üçün bərabər imkanlar və güzəştlər prinsipinə əsaslanaraq, "Bakı 2015" arenalara giriş üçün xüsusi vasitələrə ehtiyacı olan tamaşaçılar və onları müşayiət edən şəxsləri bütün idman yarışlarına pulsuz biletlərlə təmin edir. Pulsuz biletləri "Bakı 2015"in şəhərdəki bilet satış məntəqələrindən əldə etmək mümkündür. Bilet alarkən arenalara giriş üçün xüsusi vasitələrə ehtiyacı olduğunu bildirən tamaşaçılar üçün rahat oturacaq sahəsi ayrılacaq və ya təkərli kreslolar üçün məkanla təmin olunacaqlar".

"Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq. Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri, beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq”.

"Bakı 2015"in dəvəti ilə arenalara tam baxış keçirmək üçün paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney 2000 Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.

“Əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar "Bakı 2015" Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər. Onlar və müşaiyət edən şəxslər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün, ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar, nəqliyyat vasitəsindən asan düşmə, eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar” –Nik Morris açıqladı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi