​Fərid Mansurov: "Avropa Oyunlarında maksimum sayda qızıl medal qazanmalıyıq" - MÜSAHİBƏ

​Fərid Mansurov: "Avropa Oyunlarında maksimum sayda qızıl medal qazanmalıyıq" - MÜSAHİBƏ "Tək güləş deyil, bütün idman növləri üzrə var gücümüzlə iştirak etməliyik"
Avropa Oyunları
27 Fevral , 2015 14:04
​Fərid Mansurov: Avropa Oyunlarında maksimum sayda qızıl medal qazanmalıyıq - MÜSAHİBƏ

Bakı. 27 fevral. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının proqramındakı növlərdən güləş yarışları barədə "Report"a Təşkilat Komitəsinin üzvü, yunan-Roma güləşi üzrə olimpiya və 2 qat dünya çempionu, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Fərid Mansurov müsahibə verib...


- Bir neçə gün öncə yunan-Roma güləşi üzrə yığma komanda Dünya Kubokunu Azərbaycana gətirdi. Bunun bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bəli, millimiz İranda keçirilmiş Dünya Kubokunun qalibi oldu. Bu, qürurverici və möhtəşəm qələbədir. Bu, Azərbaycan yunan-Roma güləşi tarixində yeni səhifədir. Bu, Azərbaycanın, AGF-nin uğurudur. 8 güclü komanda arasında finala çıxdıq və qələbə qazandıq.

- İran güləşçiləri doğma divarlar arasında məğlub etmək asan məsələ deyil. Bunun üçün hansısa xüsusi bir taktiki plan həyata keçirilmişdi?

- Nəticə, əsasən, hazırlıqdan asılıdır. Güləş təkmübarizəli idman növüdür. Ancaq İranda nəticələr komanda şəklində hesablanırdı. 8 çəki dərəcəsində hansı komanda çox qələbə qazanırsa, o da qalib olur. Finalda rusiyalı güləşçilərlə görüşdə hesab 4:4 oldu. Lakin şəxsi döyüşlərdəki qazanılan xala görə, 18:17 hesablı qələbə qazandıq. Hazırlıq idmançının özündən asılıdır. Onlar da dərk edirlər ki, bu, komanda döyüşüdür və tək özünü fikirləşməməlisən. Bu da idmançıların məsuliyyətini artırır. Onlar da sağ olsunlar, bu yarışdan alnıaçıq çıxdılar.

- Olimpiya (Afina-2004) və ikiqat Dünya çempionu (2007, 2009) olmusunuz. Sizin yarışdığınız dönəmlə indiki güləş arasında hansı fərqlər var?

- Qaydalarda müəyyən dəyişikliklər olub. Son vaxtlar Dünya Güləş Birliyi (FİLA) yeni qaydalar tətbiq edib. Bu da məşq prosesində müəyyən çətinliklər yaradır. Çünki idmançı bir qaydaya öyrəşənə qədər vaxt tələb olunur. Qaydalara uyğun olaraq məşqlər qurulur. Hər bir sahədə olduğu kimi qaydalar, yanaşmalar ilbəil dəyişir ki, bu da normaldır. Təbii ki, hər bir idmançı, məşqçi bu dəyişikliklərə hazır olmalıdır. Universal qaydada məşq prosesləri keçməlidir.

- 49 Avropa ölkəsini Azərbaycanda bir araya gətirəcək I Avropa Oyunları haqda fikirləriniz necədir?

- Bu, cənab Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqının uğurudur. Prezidentimiz idmana böyük qayğı göstərir. Oyunların Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Hər qitənin oyunları var, amma Avropada bu, bir ilkdir. Bu da tək Azərbaycan idman ictimaiyyətinin deyil, bütün xalqın uğurudur. 12 - 28 iyunda bütün dünyanın gözü Azərbaycanda olacaq. Biz də bu yarışa çox ciddi hazırlaşır və məsuliyyətimizi dərk edirik. Doğma divarlar idmançılara kömək edir, amma bu, məsuliyyəti daha da artırır. İnanıram ki, Avropa Oyunlarından da alnıaçıq çıxacağıq. 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı böyük rəqəmdir. Cənab Prezident çox gözəl qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq.

- Siz həm də "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) üzvüsünüz. Təşkilatçılıq baxımından işlər nə yerdədir?

- Hər bir sahədə hazırlıq gedir. İnfrastruktur layihələrinin təhvil verilməsinə az qalıb. Bizdən tələb olunan odur ki, idmançılar yaxşı hazırlaşsınlar. Bunun üçün də federasiya rəhbərliyi hər cür şərait yaradıb. Təşkilati baxımdan bütün işlər qaydasındadır. Azərbaycanda il ərzində müxtəlif idman növləri üzrə böyük mötəbər turnirlər keçirilir. Bu da Azərbaycanın böyük yarışlarda təcrübəsinin olduğunu göstərir. Azərbaycana gələn hər bir iştirakçı məmnunluq hissi ilə ölkəmizi tərk edir.

- Güləş üzrə yarışlar Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Komitə üzvü olaraq arenadakı işlərlə tanış olmusunuz?

- Hələ hazırlıqlar davam edir. Bununla əlaqədar hazırda idmançılarımız orada məşq etmirlər. Federasiya tərəfindən yaradılan bazada məşqlərimizi keçirik. Güləşçilər Dünya Kubokundan yeni gəldiklərindən, bərpa prosesi keçirlər. Təbii ki, Oyunlardan əvvəl orada məşqlər olacaq ki, idmançılar mühitin ab-havasına öyrəşsinlər.

- Avropa Oyunlarında ümumilikdə 480 güləşçi 24 müxtəlif çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycan neçə idmançı ilə təmsil olunacaq?

- Azərbaycan hər növdə və hər çəki dərəcəsində bir idmançı ilə təmsil olunacaq. Bu da 24 idmançının iştirakı deməkdir.

- Qazanılan neçə medalı Azərbaycan üçün uğur hesab etmək olar?

- Tək güləş deyil, bütün idman növləri üzrə var gücümüzlə iştirak etməliyik. Maksimum sayda qızıl medal qazanmalıyıq. Qızıl medal nə qədər çox olsa, himnimiz daha çox səslənər və bayrağımız da bir o qədər yüksəklərə qaldırılar. Bunu yarışlarda iştirak edəcək hər bir federasiya yaxşı dərk edir.

Son xəbərlər

Orphus sistemi