Yuxarı

Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Velosiped idmanı üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər

Bakı. 12 iyun. REPORT.AZ/ Vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Brayn Kuksonu qəbul edib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə F.Məmmədov I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak məqsədilə Azərbaycanda səfərdə olan qonağı salamlayıb. 

O bildirib ki, bu gün həm Azərbaycan, həm də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olacaq. Federasiya prezidenti qeyd edib ki, ilk Avropa Oyunlarında velosiped idmanının 3 növü üzrə yarışlar keçiriləcək: "Bu məqsədlə Bakıda müvafiq infrastruktur yaradılıb. Veloparkın ərazisində inşa olunmuş Avropa Oyunlarında istifadə olunacaq BMX Veloparkı və Dağ Velosipedi Parkı UCİ standartlarına tam cavab verir. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, fiziki qüsurlu tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub".

Azərbaycanda son illərdə velosiped idmanının sürətlə inkişaf etdiyini bildirən F.Məmmədov ilk Avropa Oyunlarında Azərbaycan velosipedçilərinin də yaxşı nəticələr göstərəcəyinə böyük ümidlər bəslədiyini bildirib.

B.Kukson səmimi qəbula görə minnətdarlığını bildirərək, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakından məmnunluğunu ifadə edib. UCİ prezidenti "Bakı 2015" Avropa Oyunlarının yarış cədvəlinə daxil edilmiş velosiped idmanının üç növü - BMX, dağ və şosse yarışlarında 300-dən çox idmançının iştirak edəcəyini, bu yarışların hamısında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün lisenziya xalları əldə etmək imkanlarının olduğunu da vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul olunmuş gənc ölkələrdən olmasına baxmayaraq, Azərbaycanda velosiped idmanının sürətlə inkişaf etdiyindən razılığını bildirən B.Kukson “Tour d`Azerbaidjan” beynəlxalq veloyürüşünün artıq UCİ-nin təqvimində öz yerini möhkəmlətdiyini, Azərbaycan velosipedçilərinin bir çox beynəlxalq yarışlarda uğurla çıxış etdiklərini də diqqətə çatdırıb. O, iyunun 11-də “Synergy Baku” komandasının üzvü Maksim Averinin Slovakiya turunun ikinci mərhələsində birinci yerə çıxmasının Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsinin yüksək olduğuna dəlalət etdiyini, Bakıya qayıtdıqdan sonra onların Avropa Oyunlarında da yüksək yerlər tutacağına ümid etdiyini bildirib.

2013-cü ilə qədər 17 il İngiltərə Velosiped Federasiyasına rəhbərlik etdiyini və milli federasiyaların üzləşdikləri problemlərə yaxından bələd olduğunu qeyd edən B.Kukson AVİF-in son bir neçə ildə çox böyük işlər gördüyünü vurğulayaraq, ona həmişə dəstək verməyə, azərbaycanlı velosipedçilərin, mexaniklərin və məşqçilərin UCİ-nin İsveçrədəki təlim bazasında öz peşə hazırlıqlarını yüksəltməyə şərait yaratmağa hazır olduğunu da nəzərə çatdırıb.

Görüşdə 2018-ci ildə BMX üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi